“Klubumuzdakı bir neçə məsul şəxs və baş məşqçimizlə söhbət etdim. Onlar da mənim yığma ilə təlim-məşq toplanışında iştirakıma icazə verdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Herseqovina millisinin futbolçusu növbəti dəfə ölkəsinin əsas komandasının düşərgəsinə dəvət olunmasına münasibət bildirib. Şehiçin sözlərinə görə, bu, Ağdam təmsilçisinin icazəsi ilə rəsmiləşib: “Lakin mən komandaya yanvarın 21-də deyil, 4 gün sonra qoşulacam. Antalyadan İstanbula yollanıb, oradan da milli ilə ABŞ-a üz tutacam. Yeni baş məşqçimiz Robert Prosineçkiyə gəlincə, o, çox yaxşı mütəxəssisdi. Futbolçu kimi Balkanda əfsanə olan xorvatiyalı çalışdırıcı kimi sərtdi və hər şeyin nəzarətində olmasını sevir. Mən onu Azərbaycan millisinin baş məşqçisi olduğu 2 il (3 il - red.) ərzində tanımışam. O, komandamın bütün oyunlarını izləyirdi. Bu üzdən mənim də qapıçı keyfiyyətlərimə bələddi. Şadam ki, ABŞ və Meksika ilə yoxlama matçlarında yerli çempionatda çıxış edənlər çoxluq təşkil edəcək. Bu qarşılaşmalarda əsas motivasiyadı. Oyunlara yaxşı köklənib, qələbə istəyi ilə meydana çıxsaq, nəticə də olacaq”.
Şehiç vətənində verdiyi müsahibəsində “Qarabağ”dakı çıxışından da danışıb: “Biz bu nəticəni əldə etmək üçün çox güc sərf etdik. Yekunda Çempionlar Liqası səviyyəsində 6 qrup oyununun həyəcanını yaşadıq. Lakin bununla kifayətlənmək istəmirik. Yenidən çempionluq titulunu qazanmağa hazırıq və Çempionlar Liqasında yeni şounu səbirsizliklə gözləyirik. Mən komandamın qapısını kifayət qədər yaxşı qorumuşam. İndi də “Qarabağ”dan başqa yerə getmək niyyətim yoxdu. Lakin təkcə məni deyil, klubu da qane edən təklif olsa, düşünərəm. Bu da yalnız yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib və mən də istəyirəm ki, onlara bunun qarışığını qaytarım”.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 28-də Los-Ancelesdə ABŞ, 3 gün sonra San-Antonioda Meksika ilə qarşılaşacaq.