[b]Rusiyalı futbolçudan “Qarabağ”a xoş sözlər[/b]
18.01.2018 - 10:03
[b]Rusiyalı futbolçudan “Qarabağ”a xoş sözlər[/b]

“Oyundan sonra təəssüratlar yalnız müsbətdi. Lakin qələbə qazana bilmədiyimiz üçün kiçik məyusluq var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kuban”ın yarımmüdafiəçisi Nikita Malyarov deyib.

 

Antalyada təlim-məşq toplanışında olan Krasnodar təmsilçisi dünən yoxlama görüşündə “Qarabağ”la qarşılaşıb – 2:2. Matça bağlı Rusiya mətbuatına fikirlərini bölüşən Malyarov komandasından məmnunluq bildirib: “Bu, təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Oyunboyu meydanda qaldığım üçün sevinirəm. Fiziki baxımdan hiss olunmurdu ki, toplanışın 6-cı günündəyik. Ayrı-ayrılıqda bütün futbolçular komplekt şəkildə mübarizə apardı. “Kuban” formasını geyinən oyunçuların hər birinin gözləri yanırdı. Bu, çox şeydən xəbər verir. Üstəlik, nəzərə alaq ki, stress altında idik”.

 

“Kuban”ın hər iki qoluna imza atan 29 yaşlı orta sahə oyunçusu qələbəni əldən verdiklərini düşünür: “Karyeram ərzində neçənci dubl olduğunu xatırlamıram. Ancaq “Kuban”da ikinci dəfədi belə hal yaşayıram. Hamı qollara görə məni təbrik etdi. Əlbəttə ki, komanda yoldaşlarım olmasaydı, bunu bacarmazdım. Bu üzdən hər kəsə təşəkkür düşür. İkinci qolda penalti zərbəsindən əvvəl İqor Konovalovla birlikdə idik. Amma yekunda zərbəni mənim vurmağım məqsədəuyğun bilindi. Hesabda öndə olub, yekunda qələbə qazanmamaq hər zaman üzücüdü. Xüsusən də, ikinci hissədə pis çıxış etmədik və fədakarlıq göstərdik. Təəssüf ki, son dəqiqələrdə cərimə zərbəsindən vurduğum top qapı tirinə tuş gəldi. Əks halda, qələbə qazana bilərdik”.

 

Rusiyanın gənclər millisinin formasını geyinmiş Malyarov “Qarabağ”ın ünvanına da tərif yağdırıb. O, Azərbaycan çempionunun yüksək keyfiyyətə malik komanda olduğunu vurğulayıb: “Rəqib sürətli, kombinasiyalı futbol nümayiş etdirir. Bu da mənim ürəyimcədi. Onlar Çempionlar Liqasında Avropanın nəhəng klubları “Çelsi”, “Roma” və “Atletiko”ya qarşı mübarizə aparıblar. Bir sözlə, belə rəqiblə yoxlama görüşü keçirmək hər zaman faydalıdı və usta futbolçulara qarşı gücünüzü test etmək imkanı qazanırsınız. Güclü rəqiblə qarşılaşdıq və bu, əlavə yüklənməyə səbəb oldu. Təbii ki, müəyyən yorğunluq var ki, bu da normaldı. Mən öz oyunumu 60% qiymətləndirərdim. Hələ də işləmək lazımdı”.

0