[b]“Ruslan Abışova ateist olduğumu deyəndə, mənimlə danışmadı”[/b]
18.01.2018 - 11:40
[b]“Ruslan Abışova ateist olduğumu deyəndə, mənimlə danışmadı”[/b]

“Neftçi”dən ayrıldıqdan sonra Qazaxıstana getmək haqda düşünürdüm. Amma mövsümün sonuna qədər “Karvina”da qalası oldum”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi” klubunun sabiq futbolçusu Pavel Dreksa deyib.

 

“Ağ-qaralar”la icarə müqaviləsi başa çatdıqdan sonra “Karvina”ya qayıdan çexiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, Azərbaycandakı karyerası haqda danışaraq, maraqlı fikirlər səsləndirib.

 

28 yaşlı futbolçu Bakını çox bəyəndiyini deməklə yanaşı, həmyerlisi Zdenek Folprextin “Neftçi”dən ayrılmasından sonra darıxdığını bildirib: “Zdenek Bakını tərk etdikdən sonra “Neftçi”də yeganə çexiyalı mən idim. Orda ailəmdən başqa çex dilində ünsiyyət qura biləcəyim adam yox idi. Bu baxımdan çətinlik çəkirdim”.

 

Dreksa “Neftçi”də işlərinin əvvəlcə yaxşı getdiyini, lakin Tərlan Əhmədovun gəlişindən sonra ehtiyata düşdüyünü dilə gətirib: “Əvvəlcə praktiki olaraq bütün matçlarda oynayırdım. “Neftçi”yə keçəndə komandanın vəziyyəti yaxşı deyildi. Mən heyətdəki dəyişikliklərindən sonra kluba qoşuldum və biz turnir cədvəlində yuxarı pillələrə qalxmağa başladıq. Lakin növbəti baş məşqçi dəyişikliyindən sonra vəziyyət dəyişdi. Yeni məşqçi komandaya yeni futbolçular gətirməyə başladı. Bundan sonra oynamadım. Ediləsi bir şey yox idi. Bu səbəbdən də Çexiyaya qayıtdım. Amma mənim üçün ötən il ümumilikdə yaxşı keçdi”.

 

Dreksa söhbət əsnasında müsəlmanlar barədə də fikir bildirib. O, “Neftçi”də oynadığı vaxt kapitan Ruslan Abışovla dialoqunu yada salıb: “Çexiyada müsəlmanlar, demək olar ki, yoxdu. Onları yaxından tanıdıqdan sonra başqa cür düşünməyə başladım. Folprext gedəndən sonra kapitanımızla bir otaqda qalırdım. O, qatı müsəlman idi, həmişə dua edirdi. Kapitanımıza ateist olduğumu etiraf edəndə bütün axşamı mənimlə danışmadı. Onlar bunu başa düşə bilmirdilər. Məni daha çox müsəlmanların həyat tərzi maraqlandırır. Təbii ki, Avropada baş verənlər haqda danışırdıq. Onlar məni inandırdılar ki, İslamın adından istifadə edib, pis əməllər törədənlər din adı altında gizlənənlərdi. Şadam ki, Azərbaycana getdim və müsəlmanların mədəniyyəti, həyat tərzi ilə tanış oldum”.  

 

0