[b]İddialı klubda iddiasız məşqçi: Əhmədov “Xəzər”də də “boğulacaq”...[/b]
19.01.2018 - 12:03
[b]İddialı klubda iddiasız məşqçi: Əhmədov “Xəzər”də də “boğulacaq”...[/b]

Klubların sayı baxımından ciddi çatışmazlığı olan Azərbaycan Premyer Liqasının bu problemi növbəti mövsümdə həll edəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edən bir neçə klubun iddiaları onların yüksək dəstədə say düzəldə biləcəklərini düşünməyə əsas verir.

 

Belə iddialılardan biri də “Xəzər”di. Yeni yaranan komandanın özündən əvvəl ölkəmizdə mövcud olan “Xəzər”lərlə bağlılığı olmasa belə, onlar qədər iddialı təsiri bağışlayır.

 

Amma I divizionun debütantının nəticələri və atdığı bir sıra addımlar ilk baxışdan görünən iddialarla üst-üstə düşmür. “Xəzər”in qış fasiləsinə 10 komanda arasında 8-ci yollanması da elə bundan xəbər verir.

 

Çempionatda uğursuz çıxış edən komanda fasilə dövründə problemləri baş məşqçi təyinatı ilə yoluna qoymağı lazım bilib. Bu məqsədlə Rövşən Qasımovu vəzifədən kənarlaşdıran Bakı klubunun iddialı komandaya normal mütəxəssis gətirəcəyi gözlənilsə də, fərqli addım atılıb.

 

“Xəzər” “Neftçi”nin əvəzedicilərini çalışdıran Elşad Əhmədovu bu posta gətirib. Məşqçi kimi ciddi uğuru və böyük iddiaları olmayan çalışdırıcının aşağı liqa klubuna nə dərəcədə fayda verəcəyini isə zaman göstərəcək.

 

Hər halda, Əhmədovun karyerası nikbin düşünməyə ciddi əsas vermir. Düzdü, uzun illərdi müxtəlif səviyyələrdə - əvəzedicilər, yeniyetmə və gənclərdən ibarət komandalarda çalışan məşqçinin təcrübəsi böyükdü və bunu inkar etmək də olmaz. Amma bu illər ərzində hansısa nəticənin əldə olunması, uğur və iddiadan danışmaq yersiz görünür.

 

Uzağa getməyib, cari mövsümün arxada qalan hissəsinə baxsaq da bunun şahidi olarıq. Azərbaycanın ən köklü klubu olan “Neftçi”nin ehtiyat qüvvəsinin yer aldığı əvəzedicilərinə rəhbərlik edən Əhmədov bu komanda ilə də nəticə qazana bilməyib.

 

Təsəvvür edin ki, ağır günlərini yaşayan “ağ-qaralar”ın gələcəyi sayılan əvəzedicilər də 14 matçda 18 xal toplayıb. 8 komanda arasında 5-ci olan “Neftçi” turnir cədvəlində ilk deyil, ikinci yarıda qərarlaşıb. 35 xala malik liderlə xal fərqi az qala ikiqat olan “ağ-qaralar” “Qəbələ”ylə 6-cı turun matçında biabır da olub. Elşad Əhmədovun yetirmələri Qəbələyə səfər etməyə belə peşman olmuşdu – 1:7. Hərçənd, startdakı 3 turda 7 xal qazanan əvəzedicilərin çempionluq üçün döyüşəcəyi də gözlənilirdi.

 

“Xəzər”i yüksəltməli olan mütəxəssis mövsümün gedişində Premyer Liqa həyəcanı da yaşayıb. O, “Neftçi”nin əsas komandasını iki görüşə çıxarıb.

 

Baş məşqçinin yoxluğunda bu vəzifəni müvəqqəti icra edən çalışdırıcı özünü yaxşı tərəfdən göstərib, postda yerini möhkəmlədə bilərdi. Amma “Kəpəz” kimi autsayderi evdə uda bilməyən (0:0), avrokuboklara vəsiqə uğrunda mübarizədə əsas rəqibi “Sumqayıt”a uduzan (0:1) bakılılar Əhmədovu yenidən əvəzedici komandaya göndərdi.

 

Bu, məşqçinin Premyer Liqadakı ilk təcrübəsi deyil. 3-cü dəfə elitada peyda olan Əhmədov heç vaxt özünü doğruldub, postu uzun müddət saxlaya bilməyib.

 

2000/01 mövsümünün gedişində futbolçu karyerasını bitirər-bitirməz baş məşqçisiz qalan “Qarabağ” “sükanı”nı o vaxt 30 yaşı olan Əhmədova həvalə etdi. Müstəqillik illərində (1992-2001) yalnız bu komandanın formasını geyinən və onunla dəfələrlə mükafatlar qazanan veteran doğma komandasına mövsümün ikinci yarısında baş məşqçilik etdi.

 

Amma 10 görüşdə cəmi 3 qələbə qazanıb, 10 xal toplayan, top fərqi də mənfi olan Ağdam təmsilçisi Əhmədovla uğur qazana bilməyəcəyini gördü. Həm də 2001-ci ilin yayında “Azərsun”la birləşib, eyniadlı şirkətin balansına və sponsorluğuna keçən komandanın iddiaları da böyümüşdü. 2000/01 mövsümündə maddi baxımdan çətin dövrünü yaşayan klub iddialar böyüdükdə gənc deyil, iddialı mütəxəssisə ehtiyac duyurdu.

 

Elitada gənc yaşında debüt edən, amma ümidləri tam doğrultmayan çalışdırıcı səhnəyə 2004-cü ilin yayında qayıtdı. Futbola pulların gəldiyi, canlanmanın yaşandığı dövrdə yeni yaranan “MKT-Araz” məhz ona tapşırıldı.

 

Amma böyük imkanlar və iddialara malik klub artıq qış fasiləsində Əhmədovla yollarını ayrıdı. Buna iddialarla nəticənin üst-üstə düşməməsi səbəb oldu. I dövrənin 17 oyununda komanda 31 xal toplamışdı. Əslində, bu göstərici debütant üçün yaxşı nəticə idi. Amma mövsümün əvvəlində liderlik də edən komanda sonradan vacib matçlarda məğlubiyyət alıb, önəmli itkilər yaşadı. Nəticədə rəhbərlik məşqçi dəyişikliyini zəruri saydı.

 

Ümumilikdə isə 2000/01 mövsümündən başlayan baş məşqçilik fəaliyyətində Əhmədov Premyer Liqada 3 komanda – “Qarabağ”, “MKT-Araz” və “Neftçi”ni üst-üstə 29 matça çıxarıb. Bu matçlarda 12 qələbəsi olan məşqçi 6 bərabərlik və 11 məğlubiyyətə üzülüb. Onun yetirmələri 30 qol vurub və 28-ni buraxıb.

 

Düzdü, Əhmədov Azərbaycan səviyyəsində yetərincə yaxşı futbolçu karyerasına malik olub. 1992-94-cü illərdə Azərbaycan milli komandasında 5 oyun keçirən müdafiəçi “Qarabağ”la ölkə çempionu, kubokun qalibi adına yiyələnib. Amma məşqçilik karyerasının arxada qalan hissəsində öyünə biləcəyi uğur yoxdu.

 

0