[b]“Ora Azərbaycan futbolu deyil ki, kimsə sənə keçsin” - Kamran Ağayev[/b]
19.01.2018 - 17:41
[b]“Ora Azərbaycan futbolu deyil ki, kimsə sənə keçsin” - Kamran Ağayev[/b]

“Keşlə”nin yeni transferi Kamran Ağayev bu gün “Zirə” ilə keçirilən yoxlama görüşündən (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə milli komandamızın qapıçısı komandasının hazırkı durumundan danışıb.

 

- Ardıcıl 3-cü yoxlama görüşündə qələbə qazandınız. Vəzifənizin öhdəsindən gəldiyinizi demək olarmı?

- Baş məşqçi hər oyunda fərqli göstərişlər verir. Məsələn, bundan əvvəlki matçda başqa tapşırıqlar vermişdi. İstənilən halda hər bir futbolçu meydana qələbə qazanmaq üçün çıxır. Özündən asılı olmayaraq, istər-istəməz nəticə verməyə çalışırsan. Hətta məhəllə futbolunda da aqressiv olursan, qələbə qazanmağa çalışırsan.

 

- “İnter”də əvvəl olduğunuz dönəmlə indiki “Keşlə” arasında nə kimi fərqlər var?

- Fərq hər zaman olur. Yüksəliş və eniş normaldı. Hələ yeni başlamışıq, nəsə demək olmaz.

 

- Bu komanda ilə nəyə ümid etmək olar?

- Ümumiyyətlə, Azərbaycan çempionatı üzücü vəziyyətdədi. Ancaq yenə də doğma vətənimizdi, əlimizdən gələni edirik. Bütün futbolçulara Avropada oynamağı arzulayıram.

 

- Bir neçə gündən sonra milli komandanın toplanışı başlayacaq. Dəvət gözləyirsinizmi?

- Yığma barədə heç nə danışmaq istəmirəm. Milli komanda hamımızındı, qapı hər birimizin üzünə açıqdı. Futbolu bilən hər kəsin... Çağırılsaq, gedib oynayacağıq.

 

- Baş məşqçi Qurban Qurbanov bildirib ki, əsas insani keyfiyyətlər, nizam-intizamdı...

- Bununla nə demək istəyirsiniz? Sözü mənə atırsınız? Bunun mənə nə aidiyyəti var?

 

- Bir nömrəli qapıçı olsanız da, haqqınızda müxtəlif söz-söhbətlər çıxır...

- Daha konkret deyin ki, söhbət səndən gedir də. Həmin müsahibəni mən də oxumuşam. Qurban müəllim bu fikirləri bildirəndə deyiblər ki, bu sözü yəqin Kamran Ağayevə aid edirsiniz. İçki içmirəm, siqaret çəkmirəm. Başqa nə etməliyəm?

 

- Söhbət içkidən yox, intizamsızlıqdan gedir...

- Məndən intizamsız hərəkət görmüsünüz? Qurban Qurbanovun müsahibəsində konkret ad çəkmişdilər və siz də bunu indi mənə deyirsiniz. Milli komanda hamımızındı, çağırılsam, canla-başla oynayacam. Dəvət almayanda da bir azarkeş kimi gedib dəstəkləyəcəm. “Yığma mənimdi” sözü, millidə əsas heyət anlayışı yoxdu. Peşəkarlıq və nizam-intizam ola bilər. Hansı intizamı pozmaqdan danışırsınız, onu bilmirəm. Futbolçu meydanda və ya ondan kənarda zədə ala bilər. Məsələn, qəzaya uğraya bilərsən. Hansısa oyunçunun zədə alması nizam-intizamı pozması demək deyil. Biri var meydanda kimisə vurub qırmızı vərəqə alırsan, biri də var vaxt uzadanda, komandanın xeyrinə bir hərəkət edəndə alırsan.

 

- “Mlada”ya gedişinizi səhv addım hesab etmirsiniz?

- Səhv addım deyil. Sadəcə, artıq çəki ilə getmişdim. Orda formaya düşmüşdüm ki, yenidən zədələndim. Söhbət təkcə qırmızı vərəqədən getmir. Zədələnməyim yersiz oldu. Ora Azərbaycan futbolu deyil ki, kimsə sənə keçsin. Onlar hazır futbolçu istəyirlər. İnşallah, hazır olub, yolumuza davam edəcəyik. “Keşlə” ilə hələlik 6 aylıq müqaviləm var.

0