[b]Baş məşqçi “Qarabağ”ın istədiyi oyunçu haqda: Əlimdən heç bir şey gəlmir[/b]
21.01.2018 - 17:51
[b]Baş məşqçi “Qarabağ”ın istədiyi oyunçu haqda: Əlimdən heç bir şey gəlmir[/b]

“Qarabağ”ın heyətində görmək istədiyi Xama Billiatın klubundakı gələcəyi hələ də qeyri-müəyyəndi. Apasport.az saytının məlumatına görə, dünən məxsus olduğu “Mamelodi Saundaunz” klubu ilə növbəti matçına çıxan və 3:0 hesablı qələbəyə dublla töhvə verən yarımmüdafiəçi Afrikada qalıb-qalmayacağı barəsində qərar verə bilməyib.

 

Matçdan sonra yerli jurnalistlərin suallarını cavablandıran “Mamelodi”nin baş məşqçisi Pitso Mosimane bu barədə bir məlumata malik olmadığını deyib: “Artıq əlimdən heç bir şey gəlmir. Gördüyünüz kimi Billiat komandamıza fayda verən futbolçudu, yaya qədər də davam edən müqaviləsi var, amma getmək istəyirsə, heç nə edə bilmərik. Mənim işim komandanın mövcud heyəti ilə uğur qazanmaqdı. Billiatın hansı qərar verəcəyini isə bilmirəm. Artıq məni maraqlandırmır. Vacib olan onun yerinə yeni futbolçular almaqdı”.

 

Qeyd edək ki, Zimbabve millisinin üzvü üçün klubuna rəsmi təklif yollayan “Qarabağ”dan başqa CAR-ın digər iki klubu “Kayzer Çefs” və “Orlando Pirates” də futbolçunun xidmətində maraqlıdı.

0