[b]“Onlarla da bacara bilməyəcəyiksə, işləməyin nə mənası var?” - MÜSAHİBƏ[/b]
22.01.2018 - 16:28
[b]“Onlarla da bacara bilməyəcəyiksə, işləməyin nə mənası var?” - MÜSAHİBƏ[/b]

“Neftçi”nin futbol akademiyasında baş seleksiyaçı vəzifəsini icra edən Kamal Quliyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi”nin qışa qədərki çıxışını necə dəyərləndirirsiz və mövsümün ikinci yarısında komandadan nə gözləyirsiz?

- Qışa qədər komandada çox şey oldu, baş məşqçi dəyişdirildi. Əlbəttə ki, bunlar təsirsiz ötüşmədi. Tərlan Əhmədovun təyinatından sonra ardıcıl qələbələr Avroliqaya şans  baxımından bir az ümid verdi. Çempionluq uzaq görünsə də, avrokuboka düşmək mümkündü. Ancaq bunun üçün yenə də müəyyən transferlər lazımdı. Baş məşqçi özü də belə deyib. Qışa qədər itirilən xalların qaytarılması üçün bu, vacibdi.

 

- Qış fasiləsində bir neçə oyunçu ilə yollar ayrıldı, əvəzində yeni futbolçular cəlb olundu. Klubun indiyə qədərki transferlərindən razısızmı?

- Yaxşı futbolçunun komandaya heç vaxt zərəri olmaz. Nə qədər çox oyunçu olsa, rəqabət bir o qədər artar. Belədə heç kim özünü rahat hiss etməyəcək. Biz sadəcə kənardan fikrimizi deyirik. Tərlan müəllim işin içində olduğu üçün bunları daha yaxşı bilir. Şəxsi fikrim belədi ki, hətta ideal heyətin olsa belə, istənilən fasilə zamanı komandanı heç olmasa bir futbolçu ilə gücləndirmək lazımdı.

 

- Razısız ki, “Neftçi”nin avrokuboklara vəsiqə əldə etməsi üçün ən asan yol ölkə kubokunu qazanmaqdı?

- Yalnız kuboku fikirləşib, çempionatda 7-ci yeri tutmaq da yaxşı olmaz. Premyer Liqada da mübarizəni davam etdirmək lazımdı. Hədəf Avropa Liqasına vəsiqə qazananlardan biri olmaqdı. Əlbəttə ki, “Neftçi” kimi klubun titulsuz qalması yaxşı hal olmaz. Bu mövsüm ən real şans Azərbaycan kubokudu.

 

- Vaxtilə bir yerdə oynadığınız Rəşad Sadıqovun çalışdırdığı U-21 yığmamız Antalyada 2 yoxlama görüşü keçirib və 1 qələbə, 1 məğlubiyyətlə yadda qalıb. Sadıqovun komandanı irəli daşıyacağına inanırsızmı?

- Bu təyinata şəxsən mən sevindim. Çünki orda ən azı haqsızlıq olmayacağını bilirəm. Digər tərəfdən, sözünü deməyə bir insan tapılacaq, sözün eşidiləcək. O yerdə düzgünlük, haqq-ədalət olacaq. Rəşad Sadıqov, həmçinin əsas yığmanın yeni baş məşqçisi Qurban Qurbanov və digər millilərin çalışdırıcılarına uğurlar arzulayıram. U-21-in Albaniya ilə oyununun fraqmentlərini izlədim. Epizodlar baxımından yığmamız zəif görünmədi. Komandamız normal hücuma çıxıb, çoxlu qol epizodları yaradıb. Rəşad hələ orda təzədi. İstər-istəməz hər şeyə sıfırdan başlayacaq. Çünki bu illər ərzində futbolumuzu öz işimizlə ləngitdik. Rəşadın müsahibəsini oxumuşam. Bilmirlər futbolçuların fiziki hazırlıqlarına baxsınlar, yoxsa taktiki-texniki keyfiyyətlərinə. Ömürboyu belə olub. Futbol mütəxəssisi kimi məsləhət görərdim ki, Nəzarət Komitəsi yaradılsın və ordakılar zəhmət çəkib, millinin oyunçularını klublarda izləsinlər, onların məşqlərinə nəzarət etsinlər. Yaxşılarından iraq, uşaq futbolunda o qədər keyfiyyətsiz məşqçi var ki, danışılası deyil. Amma nə edəsən? Bu gün savad ikinci plandadı. Ümid edirəm ki, son təyinatlardan sonra yaxşılığa doğru işlər görüləcək və inkişafa başlayacağıq.

 

- Yanvarın 24-də Millətlər Liqasının püşkatması keçiriləcək. Yığmamızdan bu turnirdə nə gözləyirsiz?

- Püşkdən çox şey asılıdı. Heç olmasa, bu turnir vasitəsilə Avropa çempionatına vəsiqə qazanaq. Bu yol asandı, sadəcə çətinləşdirən futbolçulardı. Çox sadə və düz yoldu, bunu enişli-yoxuşlu edən özümüzük.

 

- Millimiz D liqasının I səbətində yer alacaq. II səbətdən yığmamıza Latviya, Farer adaları və Lüksemburq rəqib ola bilər. Bu komandalardan hansını arzulayırsız?

- Hansı olur-olsun, fərq etməz. Amma onu da deyim ki, Lüksemburq futbolu hazırda inkişafdadı. Onların çempionatında 3 legioner oynatmağa icazə verilir. Ancaq Lüksemburqun da bizə problem yaradacağına inanmıram. Bu gün onlarla da bacara bilməyəcəyiksə, onda işləməyin nə mənası var? Yığmamızı bu komandaların heç birindən zəif saymıram.

 

- III səbətdə Qazaxıstan, Moldova, Lixtenşteyn və Malta qərarlaşıb. Aralarında nisbətən Qazaxıstan “dişli” rəqibdi...

- Düzdü, Qazaxıstan bizə arzuolunmaz rəqib sayılar. Qalanları heç bir problem yaratmaz. Açığı, Qazaxıstan özü də elə güclü komanda deyil. Sadəcə, digərləri ilə müqayisədə yaxşıdılar.

 

- IV səbətdə isə Andorra, Kosovo, San Marino və Cəbəllütariq yığmaları yer alıb...

- Bu komandalarla heç-heçə etməyimiz, Allah etməsin, onlara məğlubiyyətimiz sensasiya olar. Bütün səbətləri nəzərə alsaq, yığmamızın Millətlər Liqasında qrupdan çıxmaq şansı 80-85 faizdi.

 

- Millimiz qrup səddini aşsa, yarımfinalda və ya finalda Ermənistanla qarşılaşa bilər. Bu görüşün mümkünlüyü barədə nə düşünürsüz?

- Bir tərəfdən, ermənilərlə qarşılaşmağımızı istərdim ki, ən azından, gücümüzü görək. Ancaq inanmıram ki, müharibə şəraitində olan iki dövlətin yığmasının üz-üzə gəlməsinə qurumlar imkan verə. Çünki həmin görüşdə böyük insident yaşana bilər.

 

Tengiz MƏMMƏDOV

0