[b]“Yunis Hüseynov bacarığıma bələddi” – “Kəpəz”in yeni transferi[/b]
23.01.2018 - 22:43
[b]“Yunis Hüseynov bacarığıma bələddi” – “Kəpəz”in yeni transferi[/b]

“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”. Apasport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib.

 

Klub saytına açıqlama verən oyunçu “transfer pəncərəsi” dövründə Gəncə klubuna keçidi haqda danışarkən belə deyib: “Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdür. O, məni yaxşı tanıyır və bacarığıma bələddir. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.

 

“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Arxa xətt oyunçusu əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdır. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdır”.

 

“İki il “Kəpəz”in heyətində yer aldım. Unudulmaz günlər yaşadım. Yayda klubumu dəyişməli oldum. Geridə qalan müddətdə komandada çox dəyişikliklər olub. Əvvəlki heyətdən az futbolçu qalıb. Dəyişməyən yerli azarkeşlərin futbola sevgisidir. Gəncədə bu idman növünə münasibət həmişə yüksək səviyyədədir. Fanatlar komandanın pis və yaxşı günündə futbolçuların yanında olaraq dəstək verirlər. Bütün oyunçular kimi mənə də hər zaman rəğbət bəsləyiblər, yenə onların sevgisini qazanmağa çalışacam” – Tural bildirib.

 

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi Yunis Hüseynovun əvvəllər çalışdırdığı klublardan “Standart” və “Karvan”da da çıxış edib. İllər sonra onların yolu “Kəpəz”də birləşib.

0