[b]Yığmamızdan imtina etdi, Ukrayna millisində iştirakına icazə verildi[/b]
31.01.2018 - 11:28
[b]Yığmamızdan imtina etdi, Ukrayna millisində iştirakına icazə verildi[/b]

Azərbaycan millisinin ukraynalı kayakçısı İnna Osipenko-Radomskaya yenidən vətəndaşlığını dəyişib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Rio-2016-da yığmamıza bürünc medal qazandıran, ardınca komandamızdan imtina edən idmançının özü verib.

 

2014-2016-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyan Osipenko-Radomskaya bildirib ki, növbəti yarışlarda artıq Ukrayna bayrağı altında iştirakına rəsmi icazə verilib: “Beynəlxalq Kanoe Federasiyasına Azərbaycan yığmasında çıxışımı başa çatdırdığımla bağlı sənəd göndərilib. Ukraynaya dönmüşəm və ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyirəm. Buna artıq razılıq verilib”.  

 

Azərbaycandan ayrılarkən karyerasını başa vurduğunu açıqlayan İnna yığmamıza gəlişini ölkəsində idmana cavabdeh şəxslər arasında anlaşmazlıq yaranması ilə əlaqələndirib: “Ümid edirəm ki, qayıdışım uğurlu olacaq. Məşqlərə qatılmaq üçün artıq fəal hazırlaşıram. Məqsədim Avropa və dünya çempionatının toplanışlarına qoşulmaq üçün Ukrayna millisinin heyətinə düşməkdi. Əsas hədəfim isə Tokio-2020-yə yollanmaqdı”.  

 

Qeyd edək ki, 36 yaşlı Osipenko-Radomskaya 2014-cü ildə Azərbaycan pasportu alıb. O, növbəti il Avropa və dünya çempionatlarında, eləcə də Bakı-2015-in finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. 2016-cı ildə isə kayakçı Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya Rio Olimpiadasında 200 metr məsafəyə yürüşdə yığmamıza bürünc medal qazandırıb.

 

O, Ukrayna millisində çıxış edən zaman Afina-2004-də bürünc, Pekin-2008-də qızıl və London-2012-də gümüş mükafata da sahib olub.

0