[b]"Heç kim riskə getmək istəmirdi" - Təmkin Xəlilzadə[/b]
11.02.2018 - 00:15
[b]"Heç kim riskə getmək istəmirdi" - Təmkin Xəlilzadə[/b]

Ölkə çempionatının XV turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçından (0:0) sonra qonaqların yeni transferi Təmkin Xəlilzadə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.  

 

- Oyunla bağlı nə deyə bilərsiz?

- Maraqlı oyun oldu. Hər iki komandanın ifasında bunu gördük. Təbii ki, çətin görüş olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Maksimum gücümüzü qoyduq. Meydana 3 xal üçün çıxmışdıq. "Qarabağ"la səfər matçında qazanılan 1 xalı da pis nəticə saymıram. Nəticəni ədalətli hesab edirəm.

 

- Bu gün 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

- Bu, ağır oyun idi. Komandalardan heç biri meydanda riskə getmək istəmirdi. Deməzdim ki, 2 xal itirdik. Heç-heçəni də pis nəticə saymıram. Bizi çempionatda uzun marafon gözləyir. Digər matçlara da maksimum səylə hazırlaşacağıq.

 

- Yeni komandanızın taktikasına uyğunlaşa bilirsizmi?

- Elə bir çətinlik çəkmədim. Antalyada da komandamla 5-6 matç oynadım. Yaxşı kollektivimiz var. Hər şey yaxşıdı.

 

- Hazırkı baş məşqçiniz Roman Qriqorçukla əvvəlki çalışdırıcınız Ayxan Abbasovun taktikası arasında fərq varmı?

- Hər bir məşqçinin istər-istəməz fərqli tələbləri olur. Onlar eyni futbolu tələb edə bilməzlər. Keçmiş komandam haqda danışmaq istəməzdim. Qriqorçukun tələblərini yerinə yetirmək üçün meydanda konsentrasiya olmağa çalışıram. Şükürlər olsun ki, pis alınmadı. İnşallah, oyundan-oyuna daha yaxşı olacaq.

 

- İlk rəsmi oyunda əvəzetmədən meydana daxil oldunuz. Bu, Antalyadakı yoxlama matçında baş məşqçinin narazı olduğu penalti epizodu ilə bağlı deyil?

- Yox. Deməzdim ki, o epizodla bağlı bir şey var. Bu, yoxlama oyunu idi. Penatini vurdum, qapıçı zərbəni qaytardı. İnşallah, oyundan-oyuna əsas heyətdə yerimi tapacam.

 

- Adətən yeni transfer əsas heyətdə yer alır. Ancaq siz demək olar ki, bütün yoxlama oyunlarında sonradan meydana çıxdınız. Bu, qəribə gəlmir?

- Düzdü, "Zirə"də əsas heyətdə oynamağa öyrəşmişdim. Bütün matçlarda 90 dəqiqə çıxış edirdim. "Qəbələ" köklü, çempionluğa oynayan klubdu. Burda gözləmirdim ki, dərhal əsas heyətdə yer alıb, 90 dəqiqə oynayacam. Hər şey özümdən asılıdı. Mənə 1-2 oyun vaxt lazımdı. Əsas heyətdə məni görəcəksiz.

0