[b]15 turda 15-ci dəfə: Ən uğurlu dəyişikliyi kim edir?[/b]
12.02.2018 - 14:11
[b]15 turda 15-ci dəfə: Ən uğurlu dəyişikliyi kim edir?[/b]

Azərbaycan Premyer Liqasının XV turu yalnız bir komandanın qələbə qazanması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, üç oyunu heç-heçə bitən turda yalnız “Neftçi” – “Kəpəz” görüşündə qalib müəyyənləşib.

 

Ölkənin iki ən köklü klubunun duelinin taleyini 1 qol həll edib. Meydana sonradan daxil olan Mirabdulla Abbasov “Neftçi”yə qələbə qazandıran qola imza atıb.

 

Bu, cari mövsümdə 15-ci qoldur ki, əvəzetmədən sonra meydana daxil olan futbolçu rəqib qapısına yol tapır. İlk 14 turda 14 belə qol qeydə alınmışdı.

 

Mirabdulla ilk dəfə belə fərqlənsə də, “Neftçi” mövsümdə 2-ci dəfə əvəzetmə sayəsində qol vurur. X turun “Sumqayıt”la görüşündə Rəhman Hacıyev meydana daxil olandan sonra qələbə qoluna imza atmışdı – 2:1.

 

Belə qolların sayında mütləq rekord Vüsal İsgəndərliyə məxsusdu. “Zirə”nin oyunçusu sonradan komanda yoldaşlarını əvəzləməklə 3 qol vurub. O, III turda “Sumqayıt”la görüşdə (3:1) dubla imza atıb, XIII turda “Qarabağ”ı (2:3) məyus edib.

 

Daha bir oyunçu bir oyunda 2 qolu sonradan meydana daxil olmaqla vurub. XIV turda Filip Ozobiç “Keşlə”yə (3:0) iki qol vurub.

 

Ümumiyyətlə isə “Qəbələ” hamıdan çox – 7 belə qol vurub. “Zirə” 4, “Neftçi” və “Qarabağ” hərəyə 2 dəfə məşqçinin əvəzetməsindən sonra qol sevinci yaşayıb.

 

0