[b]“Neftçi”nin yeni transferi “Sumqayıt”a qarşı oynayacaqmı?[/b]
12.02.2018 - 15:14
[b]“Neftçi”nin yeni transferi “Sumqayıt”a qarşı oynayacaqmı?[/b]

Ölkə çempionatının XVI turunda “Sumqayıt”ın qonağı olacaq “Neftçi” yeni transferi Mayk Kampazın xidmətindən bu görüşdə də yararlanmaya bilər. Apasport.az saytının məlumatına görə, kolumbiyalı yarımmüdafiəçinin adı hələ də “ağ-qaralar”ın iştirak ərizəsinə daxil edilməyib.

 

Bu səbəbdən baş məşqçi Tərlan Əhmədov ötən həftə “Kəpəz”lə keçirilmiş çempionat matçında (1:0) Kampazın hüququndan məhrum olmuşdu. Kosta-Rikanın UCR klubundan gələn futbolçunun sənədlə bağlı problemi var. Paytaxt təmsilçisi hazırda Kampazın sənədlərini qaydaya salıb, “Sumqayıt”la oyuna kimi onun adını PFL-ə sifariş verməyə çalışır. Bu məsələdə gecikmə olsa, Əhmədov növbəti görüşdə də Maykın xidmətindən faydala bilməyəcək.

 

Qeyd edək ki, “Neftçi” ilə 2018-ci ilin sonunadək müqavilə bağlayan Mayk Kampaz yeni komandasında 12 nömrəli formanı geyinəcək.

 

0