[b]PFL-in Cənubi Koreyadan gözlədiyi cavab gəldi[/b]
12.02.2018 - 21:43
[b]PFL-in Cənubi Koreyadan gözlədiyi cavab gəldi[/b]

"Kəpəz"in yenidən heyətinə qatdığı Dario Federikonun problemi həll olunub. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov məlumat verib.

 

Dövrələrarası fasilədə Cənubi Koreya klubu "Sonnam"dan transfer edilən braziliyalı yarımmüdafiəçi Premyer Liqanın XV turunda "Neftçi" ilə görüşü buraxmaq məcburiyyətində qalmışdı. Gəncəlilər onun sənədlərini PFL-ə göndərsələr də, qurum Darionun adını iştirak ərizəsinə əlavə etməyib.

 

Buna səbəb isə oyunçunun transfer vərəqəsinin gecikməsi idi. Zamiq Hüseynov artıq bu problemin həll olunduğunu söyləyib: "Darionun tələb olunan bütün sənədləri bizdə var. Sadəcə, son klubu olan Cənubi Koreya təmsilçisi futbol oynaması üçün beynəlxalq transfer vərəqəsini göndərməmişdi. Federiko bu səbəbdən yeni ilin ilk turunda "Kəpəz"ə kömək edə bilməmişdi. Sistemə salınmışdı, ancaq cavab yox idi. Artıq bu gün həmin sənəd bizə gəldi. Yəni futbolçunun "Kəpəz"in heyətində meydana çıxmasında bir problem qalmayıb".

 

Qeyd edək ki, qış fasiləsindən sonrakı ilk turda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Kəpəz" fevralın 18-də "Keşlə"ni qəbul edəcək.

0