[b]Bir tərəf razı, digəri narazı: Hakim “Real”a kömək etdi[/b]
15.02.2018 - 11:32
[b]Bir tərəf razı, digəri narazı: Hakim “Real”a kömək etdi[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Real” – PSJ matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “kral klubu” bu qalibiyyət sayəsində Parisdə keçiriləcək matçöncəsi üstünlük əldə edib.

 

Oyundan sonra hər iki komandanın baş məşqçisi və futbolçuları fikirlərini bildiriblər.

 

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Matç ərzində yaxşı təsir bağışladıq. Yüksək pressinq tətbiq etdik və hətta qol buraxdıqdan sonra da öz oyunumuzu sərgilədik. Əla qələbəyə imza atdıq. Amma qarşıda bizi daha bir çətin oyunun gözlədiyini anlayırıq. Səfərdə hər cür vəziyyətlə qarşılaşa biləcəyimizi dərk edirik. Bugünkü qələbəmizdə azarkeşlərimiz də vacib rol oynadılar. Onlar bir saniyə də olsun, dayanmadılar. Ronaldo hər gün böyük işlər görməkdə davam edir. İskonun köməyi ilə meydanın mərkəzində dominantlıq etmək istəyirdik. O, işinin öhdəsindən layiqincə gəldi. Xüsusilə, matçın əvvəlində çox mobil oynadı. Görüşün sonlarında oyun fəlsəfəmizi dəyişdim. Çünki PSJ-nin futbolçularının yorulacağını bilirdim. Asensio, Beyl və Vaskesin meydana daxil olması ilə bundan maksimum istifadə etdik.

“Real” 12 dəfə bu turnirin qalibi olub. Odu ki, futbolçularım Çempionlar Liqasının nə qədər vacib turnir olduğunu bilirlər. Müdafiədə də yaxşı oynadıq, topsuz qalanda intensiv işlədik. Marselo müdafiədə inamlı təsir bağışlamaqla yanaşı, hücumlara planlaşdırdığımdan çox qoşuldu. Onun oyunundan çox razıyam.

Möhtəşəm komandaya qarşı 90 dəqiqə aqressiv oyun sərgiləmək asan deyil. Bu qələbədən həzz almaq lazımdı”.

 

Serxio Ramos (“Real”ın kapitanı): “Belə gecələr yaddaşda qalır. Cavab oyunundan əvvəl vacib qələbə qazandıq. Bu tempdə də davam etməliyik. Çünki Çempionlar Liqasında yenə uğur qazanmaq istəyirik. Fikrimcə, nəticə ədalətli oldu. “Real” qələbəyə layiq idi. Amma arxayınlaşmaq olmaz. Adi səhv bizi turnirdən kənarda qoya bilər. Buna görə də, cavab matçına maksimum konsentrasiya ilə çıxmalıyıq. “Real” ölməyib. Ümumiyyətlə, bu komandanın öldüyünü düşünmək olmaz”. 

 

Kriştianu Ronaldo (“Real”ın portuqaliyalı hücumçusu): “Vacib qələbə qazandıq. Oyuna pis başlamasaq da, qol buraxdıq. Amma “Real”ın “Çempionlar Liqası təcrübəsi çoxdu. Öz meydanımızda layiqli futbol göstərmək istəyirdik, buna da nail olduq. Cavab oyunundan əvvəl yaxşı üstünlük əldə etmişik. PSJ-nin hücumçuları ilə çox təhlükəli komanda olduğunu bilirdik. Başa düşürdük ki, onları topsuz qoymaq üçün pressinq etməliyik. Qollar vuranda və komanda qələbə qazananda xüsusi hisslər keçirirsən. Amma növbəti mərhələyə vəsiqəni hələ təmin etməmişik. PSJ-yə Parisdə də qalib gəlməliyik. Özümüzü rahat hiss etmək üçün rəqibin meydanında da qol vurmaq lazımdı”.

 

Rafael Varan (“Real”ın müdafiəçisi): “Oyunumuzdan çox razıyıq. Plan üzrə hərəkət etdik. Baş məşqçi bizə, xüsusən də, matçın əvvəlində bütün komanda ilə pressinq etməyi tapşırmışdı. İlk hissəni əla keçirdik. Düzdü, bu müddətdə qol buraxdıq. Amma hesabda geri düşdükdən sonra daha da “artırdıq”. İntensiv oynadıq və bu, uğurlu nəticəyə imza atmağımıza gətirib çıxartdı. Həm müdafiədə, həm də hücumda intizamı saxladıq, konsentrasiyanı itirmədik”.

 

Nasser əl-Xelaifi (PSJ-nin prezidenti): “Nəticə ədalətsizdi. İkinci hissədə biz yaxşı oynadıq. Çoxlu qol imkanımız oldu. Amma səhvlərə yol verdik. Mbappe yaxşı şans qazandığı vaxt hakim olmayan ofsayd qeydə aldı. Referinin səhvləri bizə baha başa gəldi. Hakim “Real”a kömək etdi. Artıq cavab matçını düşünmək lazımdı”.

 

Unai Emeri (PSJ-nin baş məşqçisi): “Yaxşı, hətta çox yaxşı oyun keçirdik. Uğurlu nəticəyə layiq idik. Hesab 1:1 olanda hakimin şübhəli qərar “Real”a kömək etdi. Serxio Ramosun cərimə meydançası daxilində əllə oynayıb-oynamadağını dəqiq bilmirəm. Epizoda baxmaq lazımdı. Amma mənə Ramosun o məqamda topa əllə toxunduğunu dedilər. Cavab matçını optimizmlə gözləyirəm. Düzdü, ilk görüşdə 1:3 hesabı ilə uduzduq, amma bu hələ heç nə deyil. Bu nəticə ilə barışmaq çətindi. Çünki futbolçular özlərini meydanda yaxşı göstərdilər. Bəlkə də, bizdə sonuncu ötürmə çatışmırdı. İstənilən halda, məğlubiyyəti haqq etmirdik. Matçda xırda detallar həlledici oldu. Komandama güvənirəm. “Real” oyuna nəzarət etmirdi. Əks hücumlardan fərqlənə biləcəklərini anlayırdılar və bunu da həyata keçirdilər. Rəqib ikinci qolu ən yaxşı oyunumuzu göstərdiyimiz vaxt vurdu. Bu isə bizi ruhdan saldı”.

 

Marko Verratti (PSJ-nin italiyalı yarımmüdafiəçisi): “İlk hissədə qeydə alınan 1:1 hesabı ədalətli idi. Amma fasilədən sonra qələbəni haqq edirdik. Əvəzində 1:3 hesabı ilə uduzduq. Bu cür böyük komandalarla qarşılaşanda imkanlardan maksimum istifadə etmək lazımdı. Hələ də şansımız var. Cavab matçında özümüzə inanmalıyıq”.

 

Adrien Rabio (PSJ-nin futbolçusu): “Həmişəki kimi, şanslarımız oldu, amma onlardan istifadə edə bilməməyimiz bizi çətin vəziyyətə saldı. Bu cür rəqiblər 2-3 qol epizodu yaradırlar və hamısı qolla nəticələnir. Çox əsəbi və məyusam. Çünki yaxşı oynadıq. Xüsusən, matçın əvvəlini inamlı keçirdik. Həmişə eyni səbəbdən məğlubiyyətə məruz qalırıq. “Dijon”a 8 qol vurmaq asandı. Artıq bu cür matçlarda nəticə qazanmaq lazımdı”.

0