[b]“Bakıda bunları görəndə özümü vurmağa başladım” – Dino Ndlovu[/b]
15.02.2018 - 18:04
[b]“Bakıda bunları görəndə özümü vurmağa başladım” – Dino Ndlovu[/b]

“Çelsi” ilə oyun karyeramda özümü məktəbə yeni başlayan uşaq kimi hiss etdiyim məqamlardandı. Başa düşdüm ki, bu matçda olmaq üçün üzərimdə dayanmadan çalışmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu deyib.

 

Qış transfer dönəmində Çinin II liqa təmsilçisi “Xançjou Qrintaun”a keçən CAR millisinin üzvü xarici mətbuata müsahibə verib.

 

“Qarabağ”dakı karyerasından da danışan Ndlovu Ağdam klubunun heyətində keçirdiyi önəmli oyunları yada salıb. O, söhbət əsnasında Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə səfərdə keçirdikləri qarşılaşmaya toxunub: “Final fitinə qədər oyunun içində idim. Paltardəyişmə otağına gedəndə insanların reaksiyasını gördüm. Bu uğuru Azərbaycanda təmtəraqla qeyd etdilər. İnsanlar həmin gecə yatmaq istəmirdilər. Çünki bizim bu nailiyyətimizi bayram edirdilər. Bakıda bunları görəndə özümü vurmağa başladım ki, ayıl, tarix yazmışıq. Əksər insanlar Azərbaycan barədə məlumatlı olmasalar da, həmin uğurdan sonra Kopenhagendən qayıdanda hava limanında bizi qarşılamaları məni heyrətləndirdi. Xeyli sayda adam bizi qarşılamağa gəlmişdi. Bu, karyeramın ən yaxşı anlarından biri idi”.

 

Bu gün 28 yaşını qeyd edən Ndlovu futbolçu həyatında imza atdığı uğurlarda ailəsinin böyük rol oynadığını söyləyib: “Onlar xoşbəxt olanda mən də özümü xoşbəxt hiss edirəm. Bir məqam oldu ki, karyeramla bağlı verdiyim qərarlardan ailəm əziyyət çəkdi. Həmin vaxt güzgünün qarşısında dayanıb özümə sual verdim: karyeramı davam etdirmək baxımından düzgün addım atıram? Bu, futbolçu həyatımda həlledici rol oynadı və Avropaya getməyi qərara aldım. Həmin andan həyat mənim üçün çiçəkləndi”.

 

“Qarabağ”ın sabiq forvardı qitənin ən mötəbər klub turnirində iştirakın karyerasında xüsusi olduğunu vurğulayıb: “Çempionlar Liqasında oynamaq, İtaliya, İngiltərə, İspaniya, Almaniya və Fransa liqalarının çempionları ilə eyni turnirdə yarışmaq insanı xoşbəxt edir. Onların böyük təcrübəsi olsa da, siz həm öz, həm də klubun tarixində ilk dəfə belə bir yarışa qatılırsınız. Buna görə də bizi nə gözlədiyini bilmirdik. Amma mən qrupdakı çıxışımızdan razıyam. Düzdü, növbəti mərhələyə adlaya bilmədik. Ancaq debüt ilimizdə 2 xal toplamağı bacardıq. Ən yaxşı oyunumuzu göstərdik, heç kimdən qorxmadıq və digər klublar bizi qəbul etdilər”.

 

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ildə “Anortosis”dən keçmişdi.

0