[b]UEFA tarixi cəzaya hazırlaşır: "Neftçi"nin rəqibi avrokuboklardan uzaqlaşdırılır[/b]
16.02.2018 - 22:30
[b]UEFA tarixi cəzaya hazırlaşır: "Neftçi"nin rəqibi avrokuboklardan uzaqlaşdırılır[/b]

Albaniyanın "Skenderbeu" klubunu tarixi cəza gözləyir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Korçe təmsilçisi 10 il müddətinə avrokuboklardan kənarlaşdırıla bilər.

 

Məsələ burasındadı ki, UEFA Etika və İntizam Komitəsi müfəttişlərinin hazırladıqları raport mətbuata sızıb. 88 səhifəlik raportda "Skenderbeu"nun 50-dən çox matçda qanunsuzluğa yol verdiyi bildirilib. Maraqlıdı ki, həmin danışılmış oyunların bəziləri ölkə daxili yarışlar, bəziləri isə avrokubok oyunlarıdı.

 

Müfəttişlər raportda "Skenderbeu"nun 10 illik avrokuboklardan uzaqlaşdırılmasının və 1 milyon avro məbləğində cərimələnməsinin vacibliyini vurğulayıblar. Hazırda UEFA-da olan qərarın tezliklə təsdiqlənməsi və rəsmən açıqlanması gözlənilir.

 

Albaniya klubu avrokuboklardan kənarlaşdırıldığı üçün 2016-17 mövsümündə beynəlxalq turnirlərə qatılmamış, üstəlik, çempionluğu əlindən alınmışdı.

 

Qeyd edək ki, 2011-ci ildən bəri hər il (2016-17 mövsümü istisna) avrokuboklara qatılan "Skenderbeu" 2013-14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşıb. Bakıdakı qolsuz bərabərlikdən sonra "Skenderbeu" öz meydanında 116-cı dəqiqədə vurduğu yeganə qol sayəsində (1:0) mərhələ adlayıb.

0