[b]"Gördüyüm mənzərə ciddi əhəmiyyət kəsb etmirdi" - Faruk Miya[/b]
18.02.2018 - 21:15
[b]"Gördüyüm mənzərə ciddi əhəmiyyət kəsb etmirdi" - Faruk Miya[/b]

"Səbail"in yeni transferi Faruk Miya "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə uqandalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

 

- Debüt etdiyiniz oyun haqda nə deyə bilərsiz?

- Əvvəla qeyd edim ki, burda olmaqdan məmnunam. İlk oyunum olduğuna görə, çətin oldu. Rəqibimiz haqda məlumatım var idi. Çox yaxşı komandadı. Oyun ərzində bir ciddi səhv etdik və nəticədə qol buraxdıq. Amma ümumi götürdükdə, komandamız yaxşı mübarizə apardı. Sadəcə, xalsız qalmağımız bizi üzdü. Elə etməliyik ki, növbəti oyunlarda belə nəticələr təkrarlanmasın, əksinə, qələbə qazanaq.

 

- “Səbail”in də qol vurmaq üçün şansları oldu, amma istifadə edə bilmədi. Buna görə üzülürsüzmü?

- Razıyam, bizim də fərqlənmək üçün imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Bir az da bəxtimiz gətirmədi. Üstəlik, səhvlərimiz də oldu.

 

- Belçikada oynayanda “Standart” dolu tribunalar qarşısında çıxış edirdi. Stadionda azarkeşlərlə bağlı gördüyünüz mənzərə sizi üzmədi? Rəqibin azarkeşləri “Səbail”in fanatlarından sayca çox idi...

- “Standart”da dolu tribunalar qarşısında oynamışıq. Ancaq bu gün gördüyüm mənzərə mənim üçün ciddi əhəmiyyət kəsb etmirdi. Meydanda özünə inanırsansa, azarkeşlərin rəqibi daha çox dəstəkləməsi, onları ruhlandırması sənə mane olmur. Vacib olan özünə inanmaqdı.  

0