[b]“Ən yaxşısı “Qəbələ”yə getmək idi”[/b]
19.02.2018 - 13:26
[b]“Ən yaxşısı “Qəbələ”yə getmək idi”[/b]

“Nə “Reyncers”də, nə də “Qəbələ”də oynadığım yerdən şikayətçi olmuşam. Meydanda olmaq mənə bəs edir”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey deyib.

 

“Qırmızı-qaralar”ın mövsümün əvvəlində “Reyncers”dən icarəyə götürdüyü 27 yaşlı oyunçu qış fasiləsində müqavilə ilə məxsus olduğu komandaya qayıdıb.

 

Şotlandiyalı yerli mətbuata müsahibəsində “Qəbələ”də az oynadığı üçün hələ də əvvəlki formasından uzaq olduğunu söyləyib: “Reyncers”ə yenidən qayıdacağımı bilirdim. Ancaq uğursuz icarə dönəmindən sonra burda hər matçda daha çox meydanda qalmağı istəməyə haqqım yoxdu. Yenə də gedişatdan məmnunam. Baş məşqçi ilə söhbət etmişəm. O da ümumi kollektivdən bir qədər geri qaldığımı bilir. Artıq bəzi matçlarda iştirak etmək şansım olub. Açığı, heç vaxt yarımmüdafiənin mərkəzində oynamamışdım. Ancaq “bu mənim mövqeyim deyil” deyib, kənarda oturmaram. İstənilən yerdə oynamağa hazıram. “Midlsbro”da bir neçə mövqedə çıxış etmişəm. Bir sözlə, universal olmağım əladı, komandaya fərqli mövqelərdə kömək edə bilirəm. Heç vaxt deməmişəm ki, mütləq burda oynamalıyam”.

 

Hallidey ötən yay “Qəbələ”yə yollanmasını “Reyncers”in keçmiş baş məşqçisi Pedro Çaixinya ilə əlaqələndirib. O, portuqaliyalı mütəxəssislə yola getmədiyini etiraf edib: “Pedronun vaxtında “Reyncers”də gələcəyimin olmadığını bilirdim. O, burda mənim üçün hər şeyi çətinləşdirirdi. Burda qalmağın mənasız olduğunu gördüyümdən icarəyə getməyə razılıq verdim. Pedronun mənə nifrət etdiyini düşünmürəm. Sadəcə, bir-birimizi başa düşmürdük. Mənə bu klubda gələcəyimin olmadığını demişdi. O anda ən yaxşı variant icarə əsasında “Qəbələ”yə yollanmaq idi”.

 

Qeyd edək ki, 2015-ci ildən “Reyncers”in oyunçusu olan Hallidey “Qəbələ” ilə birmövsümlük icarə müqaviləsi imzalasa da, ilk yarı bitən kimi komandadan ayrılıb.

0