[b]Olimpiadanın gündəmindəki cütlük, yaxud məhəbbətə çevrilən təsadüfi görüş[/b]
19.02.2018 - 15:17
[b]Olimpiadanın gündəmindəki cütlük, yaxud məhəbbətə çevrilən təsadüfi görüş[/b]

Pxençxan-2018-in kerlinq yarışlarında bürünc medal qazanan rusiyalı cütlük Anastasiya Brızqalova və Aleksandr Kruşelnitskinin sevgi tarixçəsi bəlli olub. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız ötən il ailə quran idmançıların necə bir araya gəlməsini araşdırıblar.

 

2017-ci ilin iyununda rəsmi nikah bağlayan kerlinqçilər bu idman növünə təsadüfən gəliblər.

 

Bu təsadüf nəinki onların idmançı karyerası, ümumilikdə həyatları baxımından həlledici olub. Məşqlər, illər bir-birini sıraladıqca Anastasiya ilə Aleksandr arasında münasibətlər əsl məhəbbətə çevrilib. Lakin onların məşqçiləri buna qarşı çıxıb. O iddia edib ki, idman və ailə bir arada olmamalıdı. Məşqçi belə düşünürdü ki, komanda yoldaşı ilə həyat yoldaşı tam fərqli məfhumlardı.

Çalışdırıcı hətta Aleksandra başqa qızla cütlük təşkil etməsini də lazım bilib. Lakin Saşa bundan imtina edib. Anastasiya uğura aparan yolu xatırlayır: “Biz yığmadan kənar qaldıq. Pillə-pillə irəliləməyə lap sıfırdan, Rusiya çempionatından başladıq. Xoşbəxtlikdən bizə inanan Vasili Nikolayeviç Qudinlə rastlaşdıq”.

 

Anastasiya və Aleksandr 2016-cı ildə dünya çempionatının qalibi olub. 2017-ci ildə ailə quran idmançılar İspaniyaya toy səyahətinə yollanıb. Pxençxanda mükafatçılar sırasına düşən cütlük idmanla ailənin bir-birinə mane olmadığını bütün dünyaya sübut edib.

Olimpiada zamanı bu diqqətlər gənc ailənin üzvlərinin münasibətlərinə yönəlib. Hamı ondan ehtiyatlanıb ki, birdən Nastya ilə Saşa uğursuzluqlara görə bir-birini qınayar, mübahisələr yaranar. Lakin bədbin düşüncələr özünü doğrultmayıb.

 

Xanım idmançı cüzi narazılıqların olduğunu da etiraf edir: “Sən niyə bunu daha yaxşı etmədin?” və bu tipli mövzular ətrafında bir-birimizə qışqırmışıq. Lakin son iki görüşü çox sakit və inamlı keçirdik. Hətta son matçın 8-ci hissəsində oyunumuz alınmayanda da vahid komanda kimi heç nəyi müzakirə etmirdik”.

Nastya qeyd edib ki, məhz ailə münasibətləri yarımfinalda İsveçrədən alınan üzücü məğlubiyyətdən sonra toparlanmaq, Rusiya üçün tarixi medal qazanmaqda rol oynayıb. Norveç üzərində 8:4 hesablı qələbənin əldə olunduğu qarşılaşmada əsəblər tarıma çəkilib. Amma sonda qucaqlaşan kerlinqçilərin gözləri sevincdən yaşla dolub. Bu xoşbəxtlikdən idi.

 

Adətən cütlüyün boş vaxtları çox az olur. Axşamlar evə yorğun dönən Nastya və Saşa televizorda kerlinq oyunlarını izləyir. Lakin onların birgə marağı da var – futbol. Əslən sankt-peterburqlu olan idmançıların “Zenit”i dəstəklədikləri ehtimal edilir. Amma onlar futbol matçlarına nadir hallarda gedir. Bunun da günahı gərgin qrafikdədi.

 

Əgər istək və qətiyyət varsa, çatılması mümkün olmayan hədəf yoxdu. Anastasiya Brızqalova ilə Aleksandr Kruşelnitski bunu öz qələbələri ilə sübut etdilər. Onların qazandığı bürünc qızıl parıltısı verir.

Qeyd edək ki, Kruşelnitskinin orqanizmində qadağan olunmuş meldoni preparatı tapılıb. Bu dopinq qalmaqalı rusiyalı cütlüyün medaldan məhrum edilməsi ilə nəticələnə bilər.

rambler.ru

0