[b]“Tokio-2020 daha yaddaqalan olacaq”[/b]
20.02.2018 - 15:33
[b]“Tokio-2020 daha yaddaqalan olacaq”[/b]

Bu gün Gənclər və İdman Nazirliyində Türkiyənin İstanbul şəhərində keçirilmiş klublararası Avropa çempionatında 11 və “Turkish Open”də 2 medala sahib olmuş taekvondo yığmamızla görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, taekvondo üzrə millimizin məşqçilər korpusu, idmançılar iştirak ediblər.

 

Görüşü giriş sözü ilə açan Mansurov bildirib ki, taekvondoçularımız uğurlu çıxışla Azərbaycan idmanının düz yolda olduğunu bir daha ortaya qoyublar: “Rio Olimpiadasında gözəl nəticələrimiz oldu. 4 idmançıdan 3-ü medal qazandı. İnanıram ki, Tokio-2020 daha yaddaqalan olacaq. Taekvondoçularımızın bu il keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlarına da ümid edirəm".

Gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayevin sözlərinə görə, İstanbulda fərqlənən idmançıların hər biri Tokio-2020-yə lisenziya qazanmağa potensial namizəddi: "Federasiya adına hədəfimiz qarşıdakı Olimpiya Oyunlarında uğurlu çıxışı davam etdirməkdi. Apreldən sonra bu idmançılar böyük yaş qrupunda mübarizə aparacaqlar".

 

Komandanın böyük məşqçisi Zahid Məmmədov qarşıdakı məqsədlərdən danışıb. O bildirib ki, istəkləri Yeniyetmələrin Yay Olimpiya Oyunlarına kifayət qədər çox vəsiqə əldə etməkdi.

 

Ardınca taekvondoçular yarışda çıxışlarını dəyərləndirib, bu uğuru davam etdirmək üçün çalışacaqlarını deyiblər.

0