[b]Biri bəxtdən gileylənir, digəri rəqibi qınayır [/b]
21.02.2018 - 11:55
[b]Biri bəxtdən gileylənir, digəri rəqibi qınayır [/b]

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Çelsi” – “Barselona” görüşü qollu bərabərliklə (1:1) başa çatıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi və futbolçuları mətbuata fikirlərini bölüşüblər.

 

“Zadəganlar”ın üzvləri qələbəni əldən vermələrinə təəssüf edirlərsə, kataloniyalılar səfərdə əldə edilən bərabərliyə sevinirlər.

 

Antonio Konte (“Çelsi”nin baş məşqçisi): “İdeala yaxın oyun sərgilədik. Cəmi 1 səhv hər şeyi məhv etdi. Çox yaxşı bilirik ki, “Barselona” ilə görüşdə Messi, Suares və İnyesta kimi futbolçular önündə səhv cəzasız qalmır. Təəssüf... Ancaq oyunçularımla fəxr edirəm. Onlar bizim hazırladığımız planı meydanda yerinə yetirdilər. Sadəcə, bir az bəxtsiz idik. Bu cür oyunlarda rəqibin xüsusiyyətinə görə taktika müəyyənləşdirirsən. Bizim planımız da yaxşı idi. Futbolçular meydanda çox çalışdılar. İndi 1:1 hesabı barədə danışırıq. Amma daha artığına layiq idik”.

 

Villian (“Çelsi”nin yarımmüdafiəçisi): “Vurduğum qola görə sevinirəm. Ancaq nəticə məni məyus etdi. Fikrimcə, qələbəyə layiq idik. Rəqib topla çox rəftar edirdi. Lakin bizim qol vəziyyətlərimiz daha çox olurdu. Eyni oyunu səfərdə də göstərməliyik. Bu gün dirəyə vurduğum toplarda bəxtim gətirmədi. Üzərimdə işləməkdə davam etməli və növbəti matçlara hazırlaşmalıyam”.

 

Sesk Fabreqas (“Çelsi”nin yarımmüdafiəçisi): “Çox təəssüf edirəm, bu nəticəyə üzüldüm. Hesab edirəm ki, əla çıxış etdik və plan üzrə düzgün oynadıq. “Çelsi” meydanda daha yığcam və etibarlı idi. Əsl kollektiv şəklində mübarizə apardıq, çoxlu qol vəziyyətləri yaratdıq. Villian het-trik edə bilərdi. Ancaq evə kədərli yollanacağıq. Çünki möhtəşəm oyunun fonunda istədiyimiz nəticə olmadı. Bununla belə, cütün taleyinə hələ aydınlıq gəlməyib. Rəqiblə rəqabət apara bildiyimizi göstərdik. “Çelsi” “Nou Kamp”da daha yaxşı futbol oynamalıdı. Topa 70 faiz sahib olan komandaya qarşı fərdi keyfiyyətlərə də ehtiyacımız olacaq. Səfərdə hücum etmək və qol vurmaq məcburiyyətindəyik. Orda 90 dəqiqə müdafiədə oturmaq intihar etməkdi. Öz oyunumuzu göstərməliyik”.

 

Ernesto Valverde (“Barselona”nın baş məşqçisi): “Komandamı yaxşı gördüm. Çox çətin səfərə çıxmışdıq və İngiltərə çempionuna qarşı oynayırdıq. İlk dəqiqələrdən matçın ağırlığını hiss etdik. Biz oyuna nəzarət edirdik, rəqib isə əks-hücuma atılmağı gözləyirdi. Onu da unutmayaq ki, “Nou Kamp”da yox, “Stemford Bric”də çıxış edirdik. Yaxşı hücumlar qursaq da, “Çelsi” uğurlu müdafiə olunurdu. Ümumilikdə isə hesabda geri düşdüyümüz üçün yekun nəticədən razıyam. Amma “Çelsi” öz oyun üslubu ilə istənilən rəqibi büdrədəcək gücə malikdi. Cavab görüşünü qətiyyətli keçirməliyik”.
 

Andres İnyesta (“Barselona”nın yarımmüdafiəçisi): “Çempionlar Liqası matçlarında hər şey olur. Bilirdik ki, məsələni ilk oyunda həll etmək çətin olacaq. Amma qol vurmağı bacardıq. “Çelsi” Avropanın ən güclü komandalarından biridir. Bununla belə, onlara qarşı uğurlu oyun keçirdiyimizi düşünürəm. Evə müsbət nəticə ilə qayıdırıq. Mərhələni adlamaq üçün daha bir möhtəşəm oyun keçirməliyik. Bizim cansıxıcı oyun sərgilədiyimizi deyənlərə cavabım odu ki, əgər rəqib 7-8 oyunçu ilə topsuz çıxış edirsə, baxımlı oyun nümayiş etdirmək çətin olur. Bununla “Çelsi”ni tənqid etmək fikrim yoxdu. Sadəcə, digər matçlardan fərqli, bu dəfə rəngarəng oyun olmadı. Hər şey “Nou Kamp”da həll olacaq”.

 

İvan Rakitiç (“Barselona”nın yarımmüdafiəçisi): “Mükəmməl idik və oyunun böyük hissəsində topa nəzarət etdik. “Çelsi” də sahib olduğu oyunçularla bizə təhlükə yaratdı. Üç zərbə vurdular, ikisi dirəyə dəydi, biri qol oldu. Rəqib qapanıb, 8 futbolçu ilə müdafiə olunuraraq, öz şansını gözləyirdi. Bu, daha çox həndbol oyununa bənzəyirdi. Səfərdə qol vurmaq vacib idi və buna layiq idik. Cavab qarşılaşmasına yaxşı hazırlaşmalıyıq, bugünkü kimi, sakit və səbrli olmalıyıq”.
 

Luis Suares (“Barselona”nın hücumçusu): “Nəticə ürəyimizcə oldu. İndi rəqib İspaniyaya qol vurmaq üçün yollanacaq. Düzdü, asan olmayacaq, amma bundan istifadə etməliyik. Belə oyunlarda sakit olmalısınız. Messinin yanımda olmadığını görürəmsə, ən doğru seçim geri qayıtmaq və boş zonalar axtarmaqdı. Biz evdə daha güclü oynayırıq. “Çelsi” bizim meydanımızda daha açıq futbol göstərəcək. Bu zaman boş mövqelər qazanmaq və hücum qurmaq imkanımız yaranacaq”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 14-də keçiriləcək.

0