[b]“İndi tam başqa Şəhriyar olacaq” - MÜSAHİBƏ[/b]
23.02.2018 - 15:13
[b]“İndi tam başqa Şəhriyar olacaq” - MÜSAHİBƏ[/b]

Martda Almaniyada təşkil olunacaq şahmat tacına iddiaçılar turnirində ölkəmizi təmsil edəcək Şəhriyar Məmmədyarov yarışa hazırlıqla bağlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 33 yaşlı lideri püşkü dəyərləndirib və rəqibləri barədə danışıb.

 

- Martın 10-da Berlində şahmat tacına iddiaçıların turnirinə start veriləcək. Mötəbər yarışa necə hazırlaşırsız?

- Veyk-An-Zee superturnirində iştirakla bağlı hazırlığa gec başladım. Bununla belə, məşqlər plan üzrə davam edir. İddiaçılar turnirinə hazırlıqdan razıyam. Berlindən əvvəl Rusiyada yarışda iştirak edəcəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri olacaq. İddiaçılar turnirində iştirak edən əksər rəqiblər Moskvada da çıxış edəcək. Rusiya paytaxtında rapid, blits üzrə mübarizə olacaq.

 

- İddiaçılar turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsiz?

- Komanda üzvlərimi açıqlamaq istəməzdim. Mötəbər yarış ərəfəsində adətən bütün şahmatçılar komanda üzvlərini geniş ictimaiyyətə açıqlamır. Əsas məqsəd iddiaçılar turnirində layiqli çıxış etməkdi.

 

- Bu sizin iddiaçılar turnirində üçüncü çıxışınız olacaq. Demək olar ki, Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdi...

- Təcrübə baxımdan problem olmalı deyil. İlk dəfə iddiaçılar turnirində çıxış edəndə tam fərqli idim. İndi Berlində tamam başqa Şəhriyar olacaq. Məqsədim Berlində uğur qazanmaqdı. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. 2018-ci ildə də hamını sevindirmək istəyirəm.

 

- Artıq püşk atılıb. İddiaçılar turnirində ilk rəqibin Sergey Karyakin olacaq. Son turda isə Vladimir Kramniklə qarşılaşacaqsız. Püşkü necə dəyərləndirirsiz?

- Əvvəldə ya sonda bütün şahmatçılar bir-biri ilə qarşılaşacaq. Ona görə o qədər fərq etmir. Sözsüz Karyakinlə başlamağım maraqlı olacaq. İddiaçılar turnirinin son qalibidi. Sergey dünyanın güclü şahmatçıların biridi. Onunla dostluq münasibətlərim var. Üstəlik bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam. Sergeyə kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə Berlində hamı qələbə uğrunda yarışacaq. FİDE püşkü bilərəkdən 1 ay əvvəldən keçirir. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hər bir şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət ola bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacağıq. Berlində bir-birimizə rəqib olacağıq.

 

- Berlində keçiriləcək iddiaçılar turnirində hansı şahmatçıdan çəkinirsiz?

- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.

 

- Amma siz onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısız...

- İddiaçılar turnirində məqsədim qalib olmaqdı. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsenlə matç oynamaq istəyirəm.

 

- Mötəbər yarış ərəfəsində yəqin istirahətə vaxt olmur. Bütün diqqətin Berlindədi...

- Düz qeyd etdiniz. Bütün diqqətim Berlindəki yarışdadı. Ona görə hətta ailə üzvlərimlə az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdu. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Ona görə hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək iddiaçılar turniri ərəfəsində mənə dəstək olan hər bir kəsə, dostlarıma eləcə də media nümayəndələrinə təşəkkür edirəm.

 

0