[b]“Formula-1”: Dua Lipa da Bakıya gələcək[/b]
23.02.2018 - 16:14
[b]“Formula-1”: Dua Lipa da Bakıya gələcək[/b]

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbi müğənninin adına aydınlıq gəlib. Bakı Şəhər Halqasından (BŞH) apasport.az saytına verilən məlumata görə, yarışın son günündə britaniyalı ulduz Dua Lipa konsert verəcək.

 

“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq.

 

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb. Onun “youtube”da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olub.

 

2018-ci ilə nəzər salsaq, Duanın “IDGAF” adlı ən sonuncu mahnısı “Spotify”da hələ ki, 5-ci yerdə qərarlaşıb. “New Rules” adlı mahnısı isə ABŞ-ın “Billboard Hot 100” siyahısında yer alır. Bütün biletləri satılmış Böyük Britaniya arena turuna hazırlaşan Dua bu həftə baş tutmuş builki “BRIT Awards 2018” mükafatına 5 kateqoriya üzrə nominasiya ilə ən çox namizəd göstərilən ifaçıdı.

 

Dua Lipa bu nominasiyalardan ikisinin - “Ən yaxşı qadın solo ifaçı” (Best Female) və “Qısa müddətdə böyük uğur qazanan ifaçı” (Breakthrough Act) nominasiyalarının qalibi olub.

 

BŞH-nın icraçı direktoru Arif Rəhimov Dua Lipanın apreldə Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidi. Bakıda ardıcıl olaraq sayca 3-cü dəfə keçiriləcək Azərbaycan Qran-prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla sağollaşmaq üçün Dua ən uyğun seçimdi. Aprelin 29-u Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin”.

 

Qeyd edək ki, yarışın ilk günündə - aprelin 27-də Bakı Kristal Zalda Böyük Britaniyanın "Jamiroquai" qrupu konsert verəcək.

0