Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə qarşılaşan “Qəbələ” qış fasiləsindən sonra ilk məğlubiyyətlə üzləşib (1:2). Oyundan sonra jurnalistlərin suallarını cavablandıran əyalət təmsilçisinin müdafiəçisi Vojislav Stankoviç apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Məğlub olduğunuz oyun haqda nə deyə bilərsiniz?
- Bizim üçün uğursuz görüş alındı. İstədiyimiz kimi oynaya bilmədik. Rəqib iki qol vurdu, biz isə bunlardan birinin qarşılığını verə bildik. Cəhd etsək də, məğlubiyyətdən qaça bilmədik.
- “Səbail”lə cari mövsümdə 4 dəfə qarşılaşmış və heç birində yenilməmişdiniz. Bu dəfə nə dəyişdi ki, məğlubiyyətlə barışdınız?
- “Səbail” oyun planında "artırıb". “Qəbələ” isə öz səviyyəsinə uyğun oyun nümayiş etdirə bilmədi. Bu da hesabda əksini tapdı.
- Bəs “Qəbələ” niyə öz istədiyi oyunu göstərə bilmədi?
- Bilmirəm, oyunun təhlilinə baxdıqdan sonra bunu aydınlaşdıracağıq. O zaman biləcəyik ki, bizdə nə alınmadı və uduzduq.
- Bu nəticədən sonra “Qarabağ”la xal fərqiniz arta bilər. Çempionluq yolunda şansınızın çox azaldığını demək olarmı?
- Əlbəttə, şansımız çox azalıb. “Qarabağ” sabah qələbə qazansa, çempionluq yolunda iri addım atacaq.
- “Qarabağ”ın qarşıdakı oyunlarda xal itirəcəyinə inanırsınızmı?
- Necə olacağını indidən deyə bilmərəm. Amma biz mübarizəmizi sona qədər davam etdirəcəyik. Sonluq necə olacaq, onu zaman göstərəcək.
- “Qarabağ”la matçdan sonra Cavid Hüseynov demişdi ki, uşaqlar meydanda çox istəksiz idilər. Bununla bağlı söhbət oldumu?
- Bu haqda bir söz deyə bilmərəm. "Futbolçular istəksizdilər" iddiasını irəli sürə bilmərəm. Oyunumuz istədiyimiz kimi alınmadı. Çünki rəqib yaxşı çıxış etdi.
- Artıq kuboku qazanmaq sizin üçün prioritetə çevrilibmi?
- “Neftçi” ilə yarımfinalda iki çətin oyun oynayacağıq. Əlbəttə, çalışacağıq qələbə qazanaq. Finala adlasaq, bu missiyanı da orda davam etdirəcəyik. Yəni üzərimizə düşəni etməyə çalışacağıq.