[b]Fəhmin Muradbəyli şərt qoydu: Daim oynayacamsa, qayıdacam[/b]
24.02.2018 - 20:13
[b]Fəhmin Muradbəyli şərt qoydu: Daim oynayacamsa, qayıdacam[/b]

Qış fasiləsində “Neftçi”dən “Səbail”ə yollanan Fəhmin Muradbəyli bu gün “Qəbələ” ilə keçirilən Premyer Liqanın XVII tur matçında komandası üçün vacib qola imza atıb. Oyundan sonra paytaxt təmsilçisinin üzvü apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- İddialı komandanı büdrətdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Belə çətin oyun olacağını gözləyirdik. Baş məşqçimiz “Qəbələ”ni yaxşı təhlil etmişdi. Meydanda nə edəcəyimizi bilirdik. Qol imkanlarımız oldu, istifadə edə bildik. Rəqibin də şansları var idi. Hər iki komandanı gözəl oyun münasibətilə təbrik edirəm. Ötən görüşdə “Qarabağ”a qarşı da yaxşı çıxış etdik. Uduzsaq da, onlarla başabaş mübarizə apardıq. Meydanda debütant olduğumuzu hiss etdirmirdik.

 

- Bunu “Səbail” tarixinin ən vacib qələbəsi hesab etmək olar?

- Əlbəttə, “Qəbələ” üzərində ilk qələbəmiz idi. Ən vacib qələbəmizdi, üstəlik, bizə də xal ehtiyatımızı artırmaq, özümüzdən üst sıralarda yer alan komandalara çatmaq üçün xallar qazanmaq lazım idi. Bu gün qazandığımız 3 xal yaxşı oldu. “Neftçi”dən çox geri qalırdıq. Hərçənd, “Neftçi” doğma klubumdu, böyük futbolda ilk addımlarımı orda atmışam, üstəlik, müqavilə ilə həmin komandaya məxsusam. “Neftçi” hər zaman ürəyimdə olacaq. “Səbail”də yaxşı oynamaqla “Neftçi”nin adını da ucaldaram. Hər oyunda 90 dəqiqə oynamaq və A milliyə yüksəlmək istəyirəm.

 

- Yenidən “Neftçi”yə dönəcəyinizə ümid edirsiniz?

- Onsuz da, müqavilə ilə həmin kluba məxsusam. Dönəndə rəhbərliklə danışacağıq. Ehtiyatda qalmalı yox, oynamalı olduğum yaşdayam. Əgər daim oynayacamsa, qayıdacam. Alınmasa, yenə icarə əsasında başqa komandada çıxış edəcəm. Nə vaxta qədər ehtiyatda oturacağıq?

 

- Artıq iki vacib qol vurmusunuz. Bunu hücumda yer almağınızla bağlamaq olarmı? Çünki bir ara müdafiəçi kimi də çıxış edirdiniz...

- Uşaq yaşlarımda hücumçu kimi çıxış edirdim. Sonra bir neçə oyunda cinah yarımmüdafiəçisi kimi meydanda oldum. Bu mövqedə oynamağıma üstünlük verdilər. Sonra cinah müdafiəçisi oldum. Komandama faydalı olmaq üçün hər mövqedə oynamağa hazıram. Ancaq sağ cinah müdafiəçisi oynamaq mənim üçün çətindi. Heç vaxt müdafiədə oynamadığıma görə, rəqib topla üzərimə gələndə nə edəcəyimi bilmirəm. Təbii ki, müdafiənin mərkəzində oynamağı da öyrənməliyəm. Sabah həmin mövqedə çıxış etməyə ehtiyac yaransa, komandama kömək etməliyəm. Məşqlərdə əlimdən gələni edirəm ki, etimadı doğruldum.

0