[b]Azərbaycan mundiala yeni legionerlərlə gedir[/b]
02.03.2018 - 16:38
[b]Azərbaycan mundiala yeni legionerlərlə gedir[/b]

Qış Olimpiya idman növləri üzrə Azərbaycan millisinə yeni legionerlər cəlb olunub. Apasport.az saytının məlumatına görə, Pxençxan-2018-də uğursuzluğa düçar olan yığmamız xizəkçi deyil, fiqurlu konkisürənlə güclənib.

 

Belə ki, rusiyalı Yana Buqa və Georgi Poxilyuk Azərbaycan vətəndaşlığını qəbul ediblər. 17 yaşlı xanım konkisürən bunadək Anton Spiridonovla cütlükdə mübarizə aparırdı. Lakin bu mövsümdən 21 yaşlı Poxilyukla bir araya gələn Buqa artıq ölkəmizi təmsil etməyə başlayıb. Bir neçə aşağı səviyyəli turnirlərdə gücünü yoxlayan cütlüyün ilk ciddi sınağı isə 3 gün sonra başlayacaq. İdmançılarımız Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək gənclər arasında dünya çempionatı olacaq. Legionerlər buz üstə rəqslərdə qüvvələrini sınayacaqlar.

 

Martın 11-dək davam edəcək mundialda ölkəmiz tək bu növdə təmsil olunmayacaq. Uzun müddətdi Azərbaycan adından yarışan Larri Loupolover kişilərin, Morqan Flud isə qadınların mübarizəsində medalla iddia edəcəklər.

 

Qeyd edək ki, çempionatda 49 kişi, 45 qadın, 17 cüt və 29 rəqs dueti olacaq.

0