[b]“Basketbol ölüb, hara basdırıblarsa, yerini yalnız özləri bilirlər” [/b]
06.03.2018 - 12:53
[b]“Basketbol ölüb, hara basdırıblarsa, yerini yalnız özləri bilirlər” [/b]

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan millisinin baş məşqçisi postundan istefaya göndərilməyinizdən 2 il ötür. Hazırda nə işlə məşğulsuz?

- Basketboldan kənarda deyiləm. 7-12 yaşlı uşaqlara məşq keçirəm ki, bəlkə onlardan biri Azərbaycan yığması faydalı olsun. Həmin basketbolçu da ölkəmizin şərəfini beynəlxalq arenada ləyaqətlə təmsil etsin. İkincisi, başqa hansısa işim yoxdu. Çünki Azərbaycan Basketbol Federasiyası məni hər şeydən kənarlaşdırıb. Amma gənclər və idman naziri Azad Rəhimov məni tək qoymadı. O, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdən mənə orda qrup yığmaq üçün şərait yatmağı xahiş etdi. Hacıyev də ötən ilin mayından bu imkanı mənə yaradıb.

 

- Federasiyadan tam kənarlaşdığınızı dediniz. Bu amil yetişdirəcəyiniz yeniyetmələrin hansısa kluba və ya yığmaya çağırılmasında problem yaratmayacaq?

- Federasiyadan hər şey gözləmək olar. Ancaq onda burnunun ucunu da görmək istəmirlər? Basketbolçu da bunlar üçün çalışacaq da. Nə olsun ki, məni qırağa atıblar? Bolqarıstan, İsveç və ya Rumıniya ilə oyunları götürək. Onlar heç nəzərə almadılar ki, Avropa çempionatındakı bütün bu qələbələr Elxan müəllimlə oldu? Məndən əvvəl bu komandalarla oyunlarda 70, 80 və ya 90 top fərqi ilə uduzurdular. Mən deyəndə ki, gəlin Avropa çempionatının seçməsində oynayaq, cavab verdilər ki, Elxan müəllim, sən nə deyirsən? Yəni bunları siz uduzurduz, mən yox.

 

- Həmin məqama gəlmək istəyirdim. Demək olar ki, böyüklərin yarışında mötəbər yarışlardan təcrid olunmuşuq. Federasiya isə gənclərə “stavka” etdiyini açıqlayıb. Sizcə, onlar bir neçə il əvvəlki yığmanı qaytara biləcəklərmi?

- Bunların necə işlədiklərini hamı görür. Amma inanmıram ki, 10-15 il ərzində belə Avropa çempionatının seçmə mərhələsində oynaya bilsinlər. Çünki 2011-2013-cü illərdə necə oyunlar göstərdiyimizi görürdüz. Avropa çempionatının seçməsində isə şansımız bir qədər gətirmədi, Almaniya bizi qabaqladı. İsveçlə eyni xal topladıq və onlar mərhələ adladılar. Ancaq bu, Avropanın A divizionunda debütümüz idi. Fikirləşmədilər ki, növbəti dəfə də şans verək. Elə ölkələr var ki, illərdi oynayırlar və heç nə qazana bilmirlər. Biz həmin vaxt final mərhələsinin bir addımlığında qaldıq. Heç kim də demədi ki, bir dəfə də yoxlayaq, bəlkə heyəti gücləndirək, ya Elxan müəllimin yerinə hansısa peşəkar gətirək, bu bacarmadı, o bacarar. Yaxud Elxan müəllim də onun köməkçisi olsun. Bunlar nə etdilər? Komandanı “sildilər”. Elə bil yox idi. İndi də elə edirlər ki, sanki 3-4 il öncə Azərbaycanda basketbol olmayıb. Bunu bir çoxları bilir.

 

- Tək yığma həmin gündə deyil. Formal olaraq Azərbaycan çempionatı keçirilsə də, mükafatçılardan hansısa avrokuboka da getmir...

- Sözün düzü, indi hansı adda klublarımızın olduğunu belə bilmirəm. Çünki 2 ildi izləmirəm, heç yerə getmirəm. Məşqimə gedib, evə qayıdıram. Bunların Azərbaycan çempionatı adı verdiyi “yarışa” da getmirəm. Ona görə ki, gənc basketbolçularımız küçədə pulsuz qaldılar. Onların inkişafı üçün klub yaratmalısan, maaş, həkim, masajçı verməlisən, yarışlara qatılmalısan. Bunlar uşaq variantı edirlər. Başqa cür də deyə bilmərəm. Götürüb 1992-1995-ci il təvəllüdlü basketbolçuların hamısını küçəyə atırlar ki, 20 yaşında olanlarla komanda düzəldəcəyik. Belə şey olar? Tarixdə mümkün deyil. Bir az ağıllı olan insanlar başa düşməlidi ki, bütün bu məqamlar zəncirvaridi, bir-birinin arxasınca gəlməlidi. Təcrübəlilər özlərindən bir qədər zəifə nəyisə öyrətməlidi. Başqaları, komandalara yığdıqları kimdi? Sən göstərdin də hansı gücdə olan basketbolçulara güvənəcəksən. Avropa birinciliklərinin B divizionunda hamıya uduza-uduza getdiz. Mənə aşağı yaş qruplarımızda türklər, ruslar, gürcülərin olması ayıb gəlir. Biz belə inkişaf edəcəyik? Guya həmin basketbolçularla 5 ildən sonra bizim komanda olacaq. Olmayacaq! Millimiz oynadığı İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri, “Çelenc”dəki San Marino, Şotlandiya, Cəbəllütariq və bu kimi komandaları 30-40 xal fərqi ilə üstələyirdik. Kişiləri atmısan qırağa, uşaqları götürmüsən. Onlar indiyədək kubok gətiriblər, ya nəsə ediblər? Axırıncı yeri tuturlar da... Aşağı yaş qruplarına xariciləri salıb, Azərbaycan adına çıxırlar. Bəs öz basketbolçularımız hardadı? U-18-ə baxırsan, özü də millinin baş məşqçisi orda işləyir. Kimə qalib gəlmisiz? Çıxın, deyin də. Adam harasa gedəndə düşünər ki, hazırlaşım, sonra gedim. Siz yığan komandadan Azərbaycanın özündə 100-ünü yığaram. Necə ki, bunları apardın. 3 türk, 2 gürcü, 1 rus oynayır. Bilmirəm daha kimlər çıxış edir. Bu nədi?

 

- U-16 yığmamız bu il Avropa birinciliyində ermənilərə rəqib olub. Onda həmin görüş bizə nikbin düşməyə imkan vermir?

- Keçən dəfə də onlara uduzub gəldilər də. Buna çıxıb cavab verən olmadı axı. Federasiya niyə məğlubiyyətlərin səbəbini açıqlamır? Biz əvvəllər yarışdan sonra gəlib hesabat, müsahibələr verirdik. İstər rəhbərliyə, istərsə də mətbuata. Qoy görsünlər ki, necə oynadıq, daha yaxşı çıxış etmək üçün nələr etməliyik, nəyə görə matç pis alındı, günahkar kimdi, bəlkə baş məşqçidi və s. Nəticə çıxarıb, daha yaxşı oynamaq üçün yollar axtarılar. Lakin bunlar biabır olub, indi deyirlər 3X3 oynayacağıq. Axı niyə? Bu başqa bir növdü və qarşıya inkişaf məqsədi qoyulan ölkələrdə o da oynanılır, klassik basketbol da.

 

- 2 ildi ölkə çempionatını da izləmədiyinizi dediz. Azərbaycan çempionatında isə artıq pley-offçular müəyyənləşib. Sizcə universitet tələbələrindən və ya hansısa şirkətlərin işçilərindən qurulan həmin klublarla ölkə basketbolunun inkişafına nail olmaq mümkündümü? Bəlkə Türkiyədə də işləmiş təcrübəli mütəxəssis kimi hansısa məsləhətlərinizi verəsiz.

- Orda oturanlar hər şeyi məndən yaxşı bilir. Onların məsləhətimə ehtiyacı olsaydı, ən azı orda işləməyimə əngəl yaratmazdılar. Köməkçi, yaxud hansısa vəzifədə də olsa saxlayardı. Elxan 10 il oynayıb, yığmanın kapitanı olub, 10 il xaricdə işləyib. Nə vardı onunla qane oldum. İndi məni qırağa atdılar. Onlara məsləhət vermək belə düzgün deyil. Onsuz da kimə qulaq asmırlar. Kim qalıb ki, orda? Bir sıra aparıcı veteran basketbolçularımızın hamısı qıraqdadı. Özləri nə istəyirlər, edirlər. Bunlardan soruşan yoxdu ki, ay balam niyə bu haldayıq? Bir dəfə oturub, bu sualları ortaya qoymaq lazımdı. Doğrudanmı, Azərbaycanda bir klub yoxdu? Rimas Kurtinaytis gəldi, klub yaratdılar və hər şey oldu. O, bütün Azərbaycandan böyükdü? İndi o yoxdu. Neyləyək, ölək?

 

- Xələfiniz Samit Nuruzadə isə gələcəyə nikbin baxır. Həqiqətənmi, o yeni və güclü komanda formalaşdıra biləcəkmi?

- Heç vaxt. Bu adamın özü Avropa çempionatının və digər mötəbər oyunların iyini belə bilmir. Yığmanın qarşısında bir nümunə olmalıdı. Həmin pillə-pillə yuxarı qalxmalıdılar. Mənim komandamda Fuad Niftəliyev, Tahir Baxşıyev, Zaur Paşayev, Aleksandr Rındin olmalıdı. Yoxsa ki, götür uşaqları... Dava vaxtında belə irəli təcrübəliləri, ardınca gəncləri göndərirlər. Əksinə olsa əlbəttə ki, uduzacağıq. Gələcək barədə nəsə deyə bilmərəm. Əvvəl düşünmək lazımdı ki, nə oldu bir vaxtlar Azərbaycana Kurtinaytis, Türkiyədə işləyən Əliyev çağırdız. Amma indi lazım deyil? İndi gətiriblər, bir uşağı. Arxasında nə təcrübəsi var, nə də bir şeyi. Niyə onu gətirdilər bura? Baxşıyevi baş məşqçi qoyaydıq əsas komandaya, onun ətrafına yığılıb, hamımız ona kömək edəcəkdik. Fuad Niftəliyev də ikinci məşqçi təyin edilərdi. Bir yerdə də komanda yaradacaqdıq. Amma gətirib heç yerdə oynamayan o uşağı qoydular milliyə. Amma adlarını çəkdiyim uşaqlar Azərbaycan yığması üçün canlarını qoyublar. Nə oldu ki, onlara da – Tahir Baxşıyev, Fuad Niftəliyev, Zaur Paşayev, Anar Sarıyevə yer tapılmadı?

 

- Axı Baxşıyev U-20-nin baş məşqçisidi...

- Mən əsas komandanı nəzərdə tuturam. Yığmasız ölkə olmaz. Baxın da, tarixə. Kimdə böyüklərdən ibarət milli komanda yoxdu, yaxud 3-4 il heç yerdə oynamır? Qoy pis oynasın, uduzsun. Amma təcrübə toplasınlar, inkişaf olsun. Uşaqlar da baş məşqçiyə baxsınlar ki, yığma üçün necə can qoyub. Sonra da desinlər, Tahirə, Fuada, Anara, Rındinə, yaxud hansısa xarici ulduz basketbolçuya oxşamaq istəyirəm. Misal kimi desək, sənin nə suyun, nə əkin yerin, nə də torpağın var. Sabahın necə olacaq, nə edəcəksən?

 

- Təəssüf ki, dedikləriniz həqiqətdi. Bu, FİBA-nın yeni açıqladığı reytinq cədvəlində də əksini tapdı. Komandamız 19 pillə geriləməklə, antirekord vurdu və 115-ci yerə yuvarlandı...

- Bunlar indi “mənəm, mənəm” deyirlər. Belə olmur axı. Uduzdun, gəl kişi kimi de ki, neyləmək olar. Bir də belə olmayacaq, ya nəyə görə belədi. Basketbol ölüb, hara basdırıblarsa, yerini yalnız özləri bilirlər. Nə isə. Hər şeyi demək istəmirəm. Vüqar (federasiyanın baş katibinin müavini Vüqar Əzimovu nəzərdə tutur - red) federasiyada birinci adam kimi hesab edildikdə, Azərbaycan basketbolu belə olacaq da...

0