Xəyal və real
21.05.2008 - 11:22
Xəyal və real
Gəncə futbolundan danışarkən, dərhal göz önündə bir neçə ildir fəaliyyətini dayandıran “Kəpəz”in həmişəyaşar baş məşqçisi Mehman Allahverdiyev canlanır. Allahverdiyevin özü də bunu gözəl anladığından, dərhal Gəncə futbolu adından bəyanatlar verməyə başlayır. 2006-2007 mövsümü öncəsi “Gəncə” fəaliyyətini dayandırmışdı. Sonra azarkeşlər ölkə rəhbərliyinə müraciət etdilər. Hətta “Azəralüminium” şirkəti komandaya sponsorluq etmək niyyətinə düşmüşdü. Şirkət nümayəndələri klubun bazası, stadionu ilə tanış oldular. Amma son nəticədə heç nə hasil olmadı. Belə xəbərlər yayıldı ki, “Azəralüminium”un sponsorluqdan imtinasına səbəb Allahverdiyevin irəli sürdüyü şərtlərlə razılaşmamaları olub. Daha dəqiqi, Mehman bəyin komandaya başçılıq etməsini istəməyiblər. Amma bu variantın qeyri-mümkünlüyünü anladıqdan sonra uzaqlaşıblar.
O vaxt heç olmasa, sponsorluq etmək istəyənin adı bilinirdi. İndi isə ortalıqda bir ay öncə deyilən quru söz və Mehman Allahverdiyevdən başqa bir şey yoxdur. Baxmayaraq ki, yerli azarkeşlər “Sağ olsun futbolu bizə qaytaranlar” deyə təriflər yağdırırlar. Allahverdiyev isə bir qədər irəli gedərək, özünü yeni yaradılacaq komandanın baş məşqçisi elan edir, heyətə hansı futbolçuları cəlb etmək üzərində baş sındırır, klubun birbaşa güclülər dəstəsində oynamalı olduğunu iddia edir, hətta ilk mövsümündəcə Avropa kuboklarına vəsiqə qazandıracağına söz verir.
Düzü, Gəncə futbolunun birbaşa Premyer Liqada təmsil olunmasına, əvvəlki şöhrətini qaytarmasına, komandanın baş məşqçisinin isə Mehman Allahverdiyevin olmasını istəyən də var, istəməyən də. Amma indiki halda, heç bir real iş görülməmiş xəyallar quranlara diqqət yetirdikdə, istər-istəməz “Oğlan evində toydur, qız evinin xəbəri yoxdur” məsəli yada düşür.
Bir həftə Premyer Liqaya yekun vurulacaq. Uzağı, üç ay sonra yeni mövsümün startı veriləcək. Əgər doğrudan da sponsor varsa, niyə indiyədək ortalığa çıxmır? Məgər üç ay bir komandanın formalaşması və hazırlıq prosesinə başlaması üçün az müddət deyilmi? Əgər çempionatın startına bir həftə - on gün qalmış Gəncə komandası bərpa ediləcəksə, onu ABN-in taleyi ilə üzləşmək perspektivi gözləyə bilər.
Hələliksə, ölkəmizin ikinci ən böyük şəhərində futbol yoxdur. Bu sıradan üçüncü şəhərimiz – Sumqayıt da eyni təhlükə ilə üzləşib. Hələ mən Naxçıvan, Mingəçevir, Şirvan, Şəki, Quba kimi əhali və ərazicə böyük regionlarımızda futbolun yoxluğundan və ya varlığı ilə yoxluğunun bilinməməsindən danışmıram. Guya futbolun coğrafiyasını genişləndirib, komandaların sayını artırmaqla kütləviliyə nail olacağıq? Əksinə, bir ovuc “futbolçu” ortalığa düşüb, klublardan müqavilə bağlamaq üçün daha çox pul tələb edəcəklər. Oyun alqı-satqısı daha da çiçəklənəcək, keyfiyyət aşağı düşəcək. Azarkeşlərin komandalara inamı daha da azalacaq…
… Yol verin, Gəncəyə futbol gəlir!





0