Azərbaycanın İntertoto kubokunda potensial rəqiblərindən ikisi müəyyənləşib
21.05.2008 - 13:35
Azərbaycanın İntertoto kubokunda potensial rəqiblərindən ikisi müəyyənləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanı İntertoto kubokunda təmsil edəcək klubun bu yarışdakı potensial rəqiblərindən ikisi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, təmsilçimiz Belçikanın “Jerminal” və Rumıniyanın “Vaslui” klubları ilə görüşə bilər. Birinci mərhələdə qarşılaşacaq Azərbaycan və Slovakiyanın İntertoto kubokundakı komandası müəyyənləşməsə də, bu cütün qalibinin növbəti rəqibi məlum olub. Gələn ay keçiriləcək matçlarda qalib gələcəyi halda, təmsilçimiz ikinci mərhələdə Belçikanın “Serkl Brügge” klubu ilə görüşəcəkdi. Lakin bu komandanın İntertoto kubokuna qatılmaqdan imtina etməsi “Jerminal”ın yolunu açıb. Ölkə çempionatını 5-ci yerdə başa vuran Arm van Veldhovenin yetirmələrinin tarixində ən böyük uğuru iki dəfə ölkə kubokunu qazanmasıdır. Slovakiya və Belçika komandalarını keçəcəyi halda, təmsilçimiz Rumıniyanın “Vaslui” klubu ilə görüşəcək. İntertoto kubokuna 3-cü mərhələdən başlayan komanda “Otselul” olmalı idi. Lakin Rumıniya Futbol Federasiyası ölkə çempionatını 8-ci pillədə bitirən “Vaslui”nin qitə miqyaslı turnirə qatılmasına qərar verib. “Otelul” apelyasiya ərizəsi ilə narazılığını bildirsə də, Azərbaycan klubunun potensial rəqibi “Vaslui” olacaq.
0