Ruslan Zeynalov: “Berti Foqtsun məni Azərbaycan yığmasına çağıracağını gözləmirdim”
21.05.2008 - 15:22
Ruslan Zeynalov: “Berti Foqtsun məni Azərbaycan yığmasına çağıracağını gözləmirdim”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ukraynanın birinci liqasında mübarizə aparan “Krımteplitse” klubunun azərbaycanlı üzvü Ruslan Zeynalov deyib. 26 yaşlı futbolçunun bildirdiyinə görə, Azərbaycan yığmasına dəvət alması klubunda onun işini çətinə salmayacaq: “Milli komandanın oyunları zamanı “Krımteplitse”nin üç matçı olsa da, bu, problem yaratmayacaq. Bu məsələni klub rəhbərliyi ilə həll edərək, Bakıya bilet sifariş vermişəm. Tezliklə vətənimə gələcəyəm”. Hələ Şahin Diniyevin dövründə də yığmaya namizədlər sırasında olan R.Zeynalov vurğulayıb ki, dəvətin yubanması zədə amili ilə bağlıdır: “Ötən ilin yayında Donetsk “Şaxtyor”una qarşı yoldaşlıq görüşündə ciddi zədələndim. Nəticədə üç aya yaxın məşq etmədim. Açığı, bundan sonra yığmadan əlimi üzmüşdüm. Elə düşünürdüm ki, Azərbaycanda məni unudublar. Həm də nəzərə almaq lazımdır ki, mən aşağı liqada mübarizə aparan klubun şərəfini qoruyuram. Bu mənada Berti Foqtsdan gələn dəvət mənim üçün gözlənilməz oldu. Ancaq göründüyü kimi, almaniyalı mütəxəssis futbolçuya heç də klubuna görə qiymət vermir”. Gənc hücumçu hazırkı dövrü oyun praktikası qazanmaq baxımından vacib hesab etməklə bərabər, yayda klubunu da dəyişmək fikrindədir: “İstənilən halda, “Krımteplitse”də çıxışım müvəqqətidir. Çünki ötən il şərəfini qoruduğum “Naftovik-Ukrnafta”da ehtiyatda qalmaqdansa, qışda aşağı dəstə təmsilçisinə keçməyi məqsədəuyğun saydım. “Krımteplitse”də daima oynadığımdan yaxşı formadayam. Yayda yenidən güclülər dəstəsində yarışan klublardan birinə transfer olmağa çalışacağam. Yəqin ki, Foqts da Ukraynanın yüksək liqasında forma geyinməyimi istəyər. Azərbaycan klublarından gələn dəvəti də götür-qoy etməyə hazıram. İmkan düşərsə, vətəndə oynayıb, daim yığma məşqçilərinin diqqət mərkəzində olaram”. Bosniya və Herseqovina və Andorraya turist qismində yollanmaq fikrində olmayan R.Zeynalov milli komandaya böyük ümidlərlə gəldiyini söyləyib: “Bu, mənim üçün yaxşı şansdır və fürsətdən maksimum istifadə etməliyəm. Yoldaşlıq görüşlərində necə oynamağım yığmadakı gələcək taleyimə ciddi təsir göstərəcək. Foqts kimi mütəxəssisin rəhbərliyi altında oynamaq qürurvericidir. Özümü yaxşı tərəfdən göstərərək, haqqımda müsbət rəy formalaşdırmalıyam. Milli komandaya özümü sübut etmək məqsədilə gəlirəm”.
Qeyd edək ki, atası azərbaycanlı olan soydaşımız Ukraynada doğulub, boya-başa çatıb və futbolçu karyerası bütövlüklə bu ölkəyə bağlıdır. R.Zeynalovun yığmaya çağırılmasında yığmamızın seleksiyaçı-məşqçisi Nazim Süleymanovun böyük rolu olub.
0