Cahangir Həsənzadə: “İnter”də ehtiyatda qalmağım ədalətsizlikdir”
21.05.2008 - 16:47
Cahangir Həsənzadə: “İnter”də ehtiyatda qalmağım ədalətsizlikdir”
Azərbaycan milli komandasının da üzvü olan 29 yaşlı futbolçu “İnter”in əsas heyətinə düşə bilməməsinə aydınlıq gətirib: “Mövsümün əvvəlində zədə ucbatından iki ay kənarda qaldım. Həmin vaxt komandamızın digər qapıçısı bolqarıstanlı Svilen Semyonov şansdan yararlandı. Əsas heyətə düşməyim üçün həmkarımın səhv etməsini istəmərəm. Axı, biz komanda yoldaşıyıq və həmkarımın zəif oyunu “İnter”in də çıxışına mənfi təsirini göstərəcək. Sadəcə, məni narazı salan məqam kifayət qədər şans qazanmamağımla bağlıdır. Son turlarda adım heç oyunun iştirak ərizəsinə də salınmır. Təkcə mən yox, digər həmkarım Elxan Həsənov da daim ehtiyat oyunçular skamyasında oturur. Heyətdə yer alan qapıçılara özlərini göstərməyə imkan verilməsi daha düzgün olardı”. Əsas heyətə düşmək üçün gərgin məşqlər edən C.Həsənzadə “İnter”in ukraynalı baş məşqçisi Valentin Xodukinin qərarı ilə razılaşmadığını söyləyib: “İlk vaxtlar ehtiyatda qalmağımı normal qarşılayırdım. Ancaq sonradan vəziyyətin başqa cür olduğunu gördüm. Semyonov bəzi oyunlarda səhv etsə də, Xodukin yenə ona güvənir. Mən baş məşqçinin işinə müdaxilə edə bilmərəm. Heyəti müəyyənləşdirmək onun səlahiyyətlərinə aiddir. Buna baxmayaraq, hazırkı vəziyyəti ədalətsizlik sayıram”. V.Xodukinlə münasibətlərinin normal olduğunu deyən qapıçı vurğulayıb ki, yayda “İnter”dən ayrılacağı istisna deyil: “Bu dəfə işimi planlı şəkildə quracağam. Oyun praktikası qazana biləcəyim kluba transfer olacağam. Mənə əsas heyətdə güvənən komandanın şərəfini qorumağım yaxşı olardı. Bu o demək deyil ki, ötən il “Qarabağ”dan “İnter”ə keçdiyimə görə heyfslənirəm. Onsuz da sonrakı peşmançılıq fayda verməz”.
Qeyd edək ki, C.Həsənzadə kuboku da nəzərə alsaq, cari mövsümdə “İnter”in heyətində keçirdiyi 7 oyunda 7 qol buraxıb.
0