[b]“Yığmanız haqda vacib informasiyaların hamısı bizdə var” - MÜSAHİBƏ[/b]
13.03.2018 - 14:56
[b]“Yığmanız haqda vacib informasiyaların hamısı bizdə var”  - MÜSAHİBƏ[/b]

Futbol üzrə Belarus yığmasının baş məşqçisi İqor Kriuşenkonun apasport.az saytına müsahibəsi

 

- Martın 23-də Bakıda yığmamızla qarşılaşacaqsız. Bu oyun sizin üçün nə deməkdi?

- Yoldaşlıq görüşüdü. Bu isə o deməkdi ki, komandanın vəziyyətini yoxlayacağıq. Bundan əlavə, Azərbaycanla qarşılaşma Millətlər Liqasına hazırlıq prosesində önəmlidi. Bakıdakı matç çatışmazlıqları görüb, aradan qaldırmağımıza kömək edəcək.

 

- Azərbaycan millisi haqda hansı informasiyalara sahibsiz?

- Yığmanızın son seçmə mərhələdəki çıxışından, nəticələrindən xəbərdaram. Komandanıza yeni baş məşqçinin gəldiyini də bilirəm. Onun rəhbərliyi altında milliniz ilk görüşünü Antalyada Moldovaya qarşı keçirdi. Bir sözlə, yığmanız haqda vacib informasiyaların hamısı bizdə var.

 

- Yəqin ki, yığmamızın Moldova ilə görüşünü də izləmisiz...

- Bəli, baxmışam. Düzdü, qarşılaşmanı stadiondan seyr etməmişdim. Amma oyunun videoyazısını izləyib, təhlillər aparmışıq.

 

- Millimizin son oyununa baxdıqdan sonra hansı fikirdəsiz?

- Azərbaycan yığması sürətli komandadı, heyətində texnikalı futbolçular çoxdu. Komandanızın oyun üslubuna da bələdəm. Milliniz topa nəzarət etməyə çalışır.

 

- Yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovu nə qədər tanıyırsız?

- Onun paralel olaraq “Qarabağ”ı da çalışdırdığını bilirəm. Bu komanda isə avrokuboklarda layiqli çıxışı ilə yadda qaldı. Qurbanovun rəhbərliyi altında “Qarabağ” Çempionlar Liqasının qrupunda oynadı və imza atdığı nəticələri hər kəs gördü.

 

- Millimizin futbolçularından kimi daha çox bəyənirsiz?

- Kimisə fərqləndirməyin tərəfdarı deyiləm. Mən rəqibi komanda şəklində qiymətləndirirəm. Dediyim kimi, yaxşı futbolçularınız var. Amma konkret kiminsə adını çəkmək istəməzdim.

 

- Belarus yığmasının bu oyun üçün heyətini açıqlamısız. Kənarda qalanlar olubmu?

- Legioner həyatı yaşayan futbolçularımızın hələ avrokubok matçları var. Bəlkə kimsə zədələndi. Əgər belə hal baş verməsə, açıqladığım siyahı yekun heyət olacaq.

 

- Milliyə çağırdığınız Mixail Sivakov vaxtilə “Qəbələ”də çıxış edib. Onunla yığmamız, Azərbaycan futbolu haqda danışmısız?

- Gəlsin, danışacağıq. Buna vaxtımız olacaq. Oyuna qədər belə diskussiya aparacağıq.

 

- “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını təriflədiniz. Digər klublarımız haqda da məlumatlısızmı?

- Bilirəm ki, çempionatınızda kifayət qədər legioner oynayır. Azərbaycan futbolu son illərdə sürətlə inkişaf edir. Əsas məqamlar bunlardı.

 

- Yəqin ki, bu, Bakıya ilk səfəriniz olmayacaq. Yəni, sovetlər dövründə ölkəmizə gəlmisiz?

- Bəli, SSRİ dövründə Bakıya səfər etmişəm. Konkret olaraq, il yadımda qalmayıb. Çünki üstündən xeyli vaxt keçib. Deyərdim ki, onda çox cavan idim. Bəlkə də, 35 il əvvəl Bakıda olmuşam. Həmin səfəri yada salmaq olduqca çətindi. Bir o yadımdadı ki, Azərbaycana Minsk “Dinamo”sunun əvəzedici heyətinin tərkibində getmişdim.

 

- “Neftçi” ilə həmin oyunun hesabı yadınızdadı?

- Onu da xatırlamıram. Düz sözümdü, yadımda qalmayıb (gülür).

 

- Bəs rəqib olduğunuz azərbaycanlı futbolçulardan kimlərisə xatırlayırsız?

- Onları da yada salmaq mənim üçün çətindi. Çünki futbolçu vaxtımda çox matçda iştirak etmişəm. Daha sonra fəaliyyətimi məşqçi kimi davam etdirdim və bu ampluada da xeyli oyun keçirmişəm. Buna görə də, illər əvvəl rəqib olduğum şəxsləri xatırlamaqda çətinlik çəkirəm. Hamısı yaddaşda qalmır.

 

- UEFA-nın yeni layihəsi olan Millətlər Liqası haqda nə deyə bilərsiz?

- Yeni layihə olduğundan, oyunlar başladıqdan sonra tam qiymətləndirmə apara bilərik. Amma onu deyim ki, bu, bizim kimi komandaların Avropa çempionatına vəsiqə qazanması üçün yaxşı şansdı.

 

- Azərbaycan və Belarus yığmalarının Millətlər Liqasındakı şansını necə dəyərləndirirsiz?

- Mən şansları dəyərləndirməyi xoşlamıram. Həmişə proqnoz verməkdən qaçmışam. Yəqin ki, güclü olan özünü yaxşı tərəfdən göstərəcək və hədəfinə çatacaq.

 

0