[b]Rövnəq Abdullayev: Azərbaycan idmanı pik nöqtəyə çatıb[/b]
15.03.2018 - 11:33
[b]Rövnəq Abdullayev: Azərbaycan idmanı pik nöqtəyə çatıb[/b]

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbiri giriş sözü ilə açan federasiya başçısı Rövnəq Abdullayev Azərbaycan idmanının pik nöqtəsinə çatdığını deyib. O bildirib ki, yığmamız bunu Rio Olimpiadasında sübuta yetirib.

 

Ardınca ACF-in baş katibi Elmar Babanlı Konfransın gündəliyi barədə məlumat verib. Daha sonra Mandat Komissiyasının tərkibi müəyyənləşib. Babanlı federasiyanın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat verib. Baş katib çıxışında Azərbaycan idmanının uğurundan, cüdonun son illərdə inkişafından danışıb. Onun sözlərinə görə, Rövnəq Abdullayevin federasiyaya prezident seçilməsindən sonra Azərbaycan cüdoçuları rekord sayda medal qazanmaqla, tarixi nailiyyətə imza atıb: "Cüdo idmanında 2015-ci ilin son rübündən başlayaraq, ilbəil mükafatların sayı artıb. Əgər 2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140 dəfə fəxri kürsüyə yüksəlmişdisə, 2017-ci ildə 191 medala sahib olmuşuq".

 

O, Rövnəq Abdullayevin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildiyini və 2018-ci ildə dünya çempionatının Azərbaycana verildiyini xatırladıb.

 

Daha sonra qurum rəsmisi Faiq Cəfərovun maliyyə hesabatı dinlənilib. 15 milyon 477 min 246 manatdan 11 milyon 143 min 600 manatı sponsorlardan, 3 milyon 614 min manatı SOCAR-ın Beynəlxalq Cüdo Federasiyası ilə əməkdaşlığı nəticəsində pul və əmək haqqı kimi daxil olub. Hesabatlar səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.

 

Ardından Azər Əsgərov İcraiyyə Komitəsinə, DİN, MOİK , "Sərhədçi" Olimpiya İdman Mərkəzi, FHN İdman-sağlamlıq klubu, “Qəbələ” İK, “Turan” İK, 1 saylı RİOEİM federasiyaya üzv seçilib.

 

Yekunda Abdullayev federasiya işçilərinə minnətdarlıq edib: “Hamı medal qazananı tanıyır. Amma onları bu mükafata aparanlar var. Onlara təşəkkür edirəm. Düşünürəm ki, Bakıdakı dünya çempionatına çox yaxşı hazırlaşmalı və yüksək səviyyədə keçirməliyik. İlk dəfə təşkil edəcəyimiz mundialda nöqtəmizi qoymalıyıq. Cüdosevərləri zala toplamalı, məşqçilər idmançılarla yaxşı işləməlidi".

0