[b]“Epizoda 2 yox, 4 gözlə baxmalıyıq” - FİFA referisi [/b]
15.03.2018 - 17:11
[b]“Epizoda 2 yox, 4 gözlə baxmalıyıq” - FİFA referisi [/b]

Futzal üzrə FİFA referisi Elçin Səmədlinin AFF-nin mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytı xəbər verir ki, o, maraqlı məqamlara toxunub. 

 

- Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda ümumi mənzərə necədi?
- Təbii ki, hakim nöqteyi-nəzərdən yanaşdıqda, ümumi mənzərə pis deyil. Oyunlar keçirilir, komandalar meydana vaxtında çıxır, oyunçular qaydalara riayət etməyə çalışırlar. Ancaq qeyd etməyimiz gərəkən faktlar var. Xüsusilə də intizam məsələləri ilə bağlı. Bilirəm ki, bununla bağlı sualınız olacaq, ona görə də toxunmağımız mütləqdi. Bu gün futzalçıların əksəriyyəti oyun qaydalarını bilmir və nəticədə oyunda müəyyən problemlər yaranır. 


- Bəs bunu aradan qaldırmaq üçün hansı işlər görülür və ya görülməlidi?
- Günahkar axtarmağa ehtiyac yoxdu. İstər AFFA, istərsə də futzal federasiyası il ərzində azı iki dəfə referilər və hakim-inspektorlar üçün seminarlar təşkil etməyə çalışır. Bundan başqa, özümüz də tez-tez yığışırıq, müzakirələr aparırıq, mübahisəli epizodlarla, mövqe seçimi və s. bağlı fikrimizi bildiririk. Həmin seminarlara komandaların baş məşqçilərini də dəvət etmişdik. Çünki referi ani zaman kəsiyində, hətta saniyədən də az vaxt ərzində qərar qəbul edir. Qərarın düzgün olub-olmadığı ikinci mərhələyə aiddi. Dəfələrlə olub ki, hansısa qərarın düzgün olub-olmadığına epizodun videoyazısına dəfələrlə baxdıqdan sonra qərar vermisiniz. Ancaq referinin bu qədər vaxtı olmur. Buna görə günahkar axtarmaq düzgün deyil. Amma komandalar oyunçuların qaydalarla bağlı bilik səviyyəsini mütləq inkişaf etdirməlidilər. Mövsümdən əvvəl Hakimlər Komitəsi tərəfindən təklif oldu ki, hər bir kluba bir FİFA referisi göndərilsin və o, qaydalarla bağlı seminar keçsin. Ötən mövsüm bu təklifimiz 4 komanda tərəfindən müsbət qarşılandı və reallaşdı.

 
- Oyunların sürəti hakimlərin hazırlığına necə təsir edir?
- Hər turda ən azı bir yüksək sürətli oyun izləyirik. Həmin matçı UEFA kubokunun əsas və elit-raund mərhələsinin oyunları ilə müqayisə etmək mümkündü. Avropada bu gün klubların səviyyəsi bir-birinə yaxınlaşır. Elə Azərbaycan çempionatında da bunun şahidi oluruq. Yüksək Liqada ikinci pillədə qərarlaşan komanda altıncı sıradakı rəqibi ilə matçda çətinlik çəkir, hətta məğlub olur. Oyunlar maraqlı, hətta sürətli keçir. Bu da hakimlərin məsuliyyətini artırır. Hakim fiziki cəhətdən daim hazır olmalıdı, çünki hamı ona baxır, həlledici qərarlarını gözləyir. Ona görə də epizoda 2 yox, 4 gözlə baxmalıyıq. Bunu oyuna çıxanda briqadadakı yoldaşlarıma da xatırladıram.
 

- Bu, xüsusilə FİFA referilərinin eyni tonusda qalmasına kömək edirmi?
- Mütləq şəkildə köməyi dəyir. Avropada hansısa oyuna çıxanda çətinlik çəkdiyimi deyə bilmərəm. İndi bizim çempionatımızda elə oyunlar keçirilir ki, referini mütləq şəkildə oyuna hazırlıqlı çıxmağa məcbur edir. Hətta Birinci Liqada bəzən elə oyunların şahidi oluruq ki, həmin matçlardakı sürət, gərginlik UEFA kubokunun ilkin mərhələsindəki oyunlardan artıq olur. 
 

- Bəzən oxşar epizodlarla bağlı fərqli qərarlar verilir. Bu, nədər irəli gəlir?
- Hakim robort deyil. Hər bir hakimin oyunu anlamaq, başa düşmək qabiliyyəti var, ancaq yanaşma eyni cür olmalıdı. 17 qayda hamı üçün eynidi və bunu heç kim dəyişə bilməz. Epizodu qiymətləndirmək isə çox nüanslardan asılıdı. Tutaq ki, bir hakim eyni epizodu 5 metrlik, digəri 12 metrlik məsafədən qiymətləndirir. Əlbəttə, yaxın məsafədə yer alan hakim düzgün qərar verməlidi. Bəzən isə bunun əksi ilə rastlaşırıq. Yaxında olduğuna görə, əvvəlki epizodları görmür və sondakı ana uyğun qərar qəbul edir. Bu nöqteyi-nəzərdən sualınızla qismən razılaşa bilərəm. Çünki 1 saniyə əvvəl oyunçu rəqibinin köynəyindən dartırdı və siz tribunadan onu görmədiniz. Ancaq meydandakı hakim bunu aşkar şəkildə görür və qərarını verir. Qərarın yanlış olmaması üçün hakim düzgün mövqe seçməlidi. Düzgün mövqe isə düzgün qərar verdiyiniz andı. Ona görə də eyni epizodla bağlı fərqli qərarın olduğunu deməzdim.


- Yüksək və Birinci liqalar peşəkar, İkinci Liqa isə həvəskar statusludur. Liqalarda mübahisədən qaçmaq üçün, bu fərqi necə aradan qaldırırsınız?
- Hər bir komanda hansı çempionatda oynadığını mövsümün əvvəlində seçir. Peşəkar və ya həvəskar, fərqi yoxdu, 17 qayda hamı üçün eynidi. Əgər oyunçular, məşqçilər qaydaları bilmirsə, ya da 2005-ci ildə çap oluna kitabdan oxuyursa, mübahisələr hər zaman olacaq. Əgər məşqçi strategiyasını 2000-ci ildəki kimi qurursa, deməli, nə bizim çempionatda, nə də Avropada uğur qazana biləcək. Məşqçi də, oyunçu da, hakim də inkişaf etməlidi. İstənilən yeniliyi hakimlər arasında paylaşırıq, ingilis dilindən tərcümə edirik, komandalara da çatdırırıq. Seminar zamanı videorolikləri təqdim edirik və məşqçilərdən epizodları dəyərləndirmələrini xahiş edirik. İnanın, 18 epizodun 14-15-ni səhv qiymətləndirirlər. Bu hələ məşqçidi, o, qaydaları oyunçulardan yüksək səviyyədə bilməlidi. Bəzən FİFA-nın qaydalarını oyunçular anlamır. Nəticədə 17 qaydanın tətbiqi bir qədər fərqli olur. Çalışırsan ki, qabaqlayıcı tədbir görəsən. Məsələn, səslə bildirirsən ki, asta oyna, əlsiz oyna, tələsmə, topu düzgün oyuna daxil et. Xəbərdarlıq edən zaman oyunçular eşidirlər, çalışırlar ona riayət etsinlər. Ancaq UEFA-nın bayrağı altında keçirilən oyunlarda bu cür xəbərdarlıq etmək qadağandı.

 
- Premyer Liqa hakimləri üçün mütəmadi toplanışlar keçirilir. Ancaq futzal hakimləri üçün 2-3 günlük seminarlar keçirilir. Belədə hakimlər oyunlara necə hazırlaşırlar?
- Seminarların hakimlərə çox böyük faydası olur. Təbii ki, futbolla müqayisədə futzal ikinci pillədədi. Ancaq seminarlarımız mütəmadi keçirilir. Orada hakim-inspektorlar da iştirak edirlər. Çünki hakimin qərarlarını onlar qiymətləndirirlər və yeniliklərlə bağlı onları da maarifləndirmək vacibdi. Nə səhvimiz olursa, hakim-inspektorlar izah edirlər. Seminarlarda nəzəri məşğələlər keçirilir. Praktiki çalışmalar zamanı isə özümüz də oyun keçiririk, komandaları da dəvət edirik və qərarların müzakirəsini aparırıq, səhv etdikdə, yerindəcə buna aydınlıq gətiririk. Hansısa yenilik əldə etdikdə isə, seminarı gözləmirik, futzal hakimlərimiz onsuz da say etibarı ilə çox deyillər, yığışırıq, bir-birimizi məlumatlandırırıq. 15-20 nəfərin bir araya gəlməsi problem deyil. AFFA da, eləcə də Bakı İdman Sarayında ehtiyac duyduğumuz zaman bizə iclas keçirmək üçün şərait yaradırlar. 

0