Samir Əliyev: “Azərbaycan kubokunu “Xəzər-Lənkəran” qazanacaq”
22.05.2008 - 11:49
Samir Əliyev: “Azərbaycan kubokunu “Xəzər-Lənkəran” qazanacaq”
Vaxtilə “Xəzər-Lənkəran”la “İnter”da çıxış etmiş 29 yaşlı futbolçu sabiq komandalarının final görüşündə konkret kiməsə azarkeşlik etməyəcək: “Mənim üçün kuboku hansı komandanın qazanmasının fərqi yoxdur. İstəyim güclü komandanın qalib gəlməsidir. Düzdür, finaldakı nəticə “Neftçi” üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, “İnter” kuboku qazanmaqla, UEFA kubokuna vəsiqə qazana bilərik. Əks təqdirdə, İntertotoda çıxış etməklə kifayətlənəcəyik. Sözsüz ki, UEFA kubokunda çıxış etməyi daha çox istərdik. Ancaq hansı turnirdə çıxış edəcəyimiz artıq bizdən asılı deyil”. S.Əliyev “Xəzər-Lənkəran”ı ardıcıl ikinci dəfə ölkə kuboku qazanmağa şanslı sayıb: “Fikrimcə, kuboku bu komanda qazanacaq. Çünki “Xəzər-Lənkəran”ı “İnter”dən güclü hesab edirəm. Lənkəranlılar həm heyətə, həm də göstərdiyi oyuna görə paytaxt təmsilçisindən güclüdür”. Milli komandamızın da üzvü olan hücumçunun üç il öncə “Xəzər-Lənkəran”ın heyətində ölkə kubokunun finalında iştirak etməsinə məhz “İnter” imkan verməyib. Sonradan “Xəzər-Lənkəran”ı bu komandaya dəyişən S.Əliyev il yarım öncə “İnter”dən “Neftçi”yə keçib. Zədə səbəbindən mövsümü boşa verməli olan futbolçu flaqmanı tərk etmək fikrində deyil: “Neftçi”də qalıram. Bu komanda ilə iki illik müqaviləm var. Cari mövsümdə uğursuz çıxışımızın əsas səbəbini lazımınca qol vura bilməməkdə görürəm. Ancaq bununla meydanda yerimin göründüyünü demək istəmirəm. Sadəcə, qol imkanlarından istifadə etmək lazımdır”.
0