[b]“Azərbaycan millisinin necə oynayacağını bilirik”[/b]
22.03.2018 - 12:00
[b]“Azərbaycan millisinin necə oynayacağını bilirik”[/b]

“Bu gün qar səbəbindən çox məşq edə bilmədik. Amma ümumilikdə Azərbaycanla oyuna hazırlığımız yaxşı keçdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Arian Kabaşi deyib.

 

Kosovonun U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün azərbaycanlı həmyaşıdlarını qəbul edəcək. 

 

Kosovo Futbol Federasiyasının saytına danışan millinin oyunçusu Kabaşi maraqlı fikirlər səsləndirib. O, rəqib haqda lazımi informasiyalara sahib olduqlarını deyib: “Azərbaycan yığmasını yaxşı tanıyırıq. Çünki sonuncu matçımızı məhz onlara qarşı keçirmişik. Rəqibin necə oynayacağını bilirik. Fikrimcə, bu cür hazırlıq keçəndən sonra qələbə qazanmaq bizi çox sevindirər. Əgər uğurlu nəticəyə imza atsaq, bu, Almaniya ilə matçda da özümüzü yaxşı tərəfdən göstərməyimizə səbəb ola bilər”.

 

Qeyd edək ki, Mitrovitsa şəhərində, Adem Yaşari Olimpiya stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da start götürəcək.

0