Mahmud Qurbanov: “İnter” budəfəki şansı əldən buraxmamalıdır”
22.05.2008 - 15:45
Mahmud Qurbanov: “İnter” budəfəki şansı əldən buraxmamalıdır”
Ardıcıl ikinci dəfə Azərbaycan kuboku uğrunda yarışın finalının iştirakçısı olacaq 35 yaşlı futbolçu sabiq komandasına qarşı çıxış edəcək: “Ötən il “Xəzər-Lənkəran”ın kapitanı kimi kuboku başım üzərinə qaldırmışdım. “MKT-Araz”ı məğlub etdiyimiz həmin matçdan sonra Lənkəran klubundan ayrıldım. Bundan sonra maraqlanmadığım “Xəzər-Lənkəran”a qarşı çempionatda iki dəfə oynamışam. Keçmiş komandamın ötən mövsümlə müqayisədə güclənib-güclənməməsi haqda qəti fikir yürüdə bilmərəm. “Xəzər-Lənkəran” güclü rəqibdir və final görüşü bizim üçün çətin keçəcək. Şanslar isə bərabərdir”. “Xəzər-Lənkəran”ı Premyer Liqada məğlub edə bilməyən “İnter”in təcrübəli yarımmüdafiəçisi bu dəfə qələbə qazanmalı olduqlarını deyir: “Xəzər-Lənkəran” UEFA kubokunda çıxış etməsi məhz finalın nəticəsindən asılıdır. Lənkəranlılar klubu kuboku qazanmaqla yanaşı, qitə miqyaslı yarışlara vəsiqə əldə edə bilərlər. Biz isə UEFA kubokuna vəsiqəni təmin etməyimizə baxmayaraq, final oyunu vacibdir. Axı, rəqibindən fərqli, “İnter”in titulu yoxdur. Komanda 2005-ci ildə finala çıxsa da, məğlub olub. Budəfəki şansı əldən buraxmamalıyıq. Üstün cəhətimiz kollektiv oyun və meydanda bir-birimizi yaxşı anlamağımızdır”. Karyerasında 5-ci dəfə ölkə kubokunun finallarında iştirak edəcək M.Qurbanov yenə kuboku qazanmağı düşünür. Futbolçu hazırkı klubunun tarixinə düşmək iddiasındadır: “İstərdim ki, kubok bizə nəsib olsun. “İnter” tarixində ilk titulunu qazanmağa çox yaxındır. Buna nail olsaq, karyeramda növbəti mükafata sahib çıxacağam. İndiyədək qazandığım bütün titullar mənim üçün əlamətdardır. Sadəcə, “İnter”in ilk titulunu qazanmasında mənim də adımın, əməyimin olmasını istəyirəm”.
Qeyd edək ki, M.Qurbanov peşəkar karyerası ərzində müxtəlif klubların heyətində 8 dəfə ölkə çempionu, 4 dəfə isə kubokun qalibi olub.
0