Azərbaycan milli komandası UEFA-nın yeni reytinq siyahısında 47-ci yerdədir
23.05.2008 - 11:46
Azərbaycan milli komandası UEFA-nın yeni reytinq siyahısında 47-ci yerdədir
Yeni əmsallar 2004 və 2008-ci il Avropa çempionatı və 2006-cı il dünya çempionatında göstərilən nəticələr əsasında hesablanıb. Belə ki, cədvəldə yoldaşlıq görüşlərinin nəticələri hesaba alınmayıb. Rəsmi oyunlarda keçirilən bir görüş üçün hər iki komandaya 10000 bal verilib. Hər qələbəyə 30000, heç-heçəyə 10000 əlavə bal hesablanıb. Hər vurulan qola görə, yığmanın aktivinə 501 bal gəlir, buraxılan hər bir qol üçün isə 500 bal çıxılır.
Azərbaycan 2004-cü il qitə birinciliyinin seçmə mərhələsində 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, 2006-cı il dünya çempionatının seçmə mərhələsində 3 heç-heçə, 7 məğlubiyyət, 2008-ci il qitə çempionatının seçmə mərhələsində 1 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət alıb. Bu nəticələrə əsasən, yığmamız 12913 bal yığaraq, 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupundakı rəqibləri arasında ən sonuncu yeri tutub. Millimizlə eyni qrupda yer alan Almaniya (35655 bal) 4-cü, Rusiya (29912 bal) 15-ci, Finlandiya (24798 bal) 26-cı, Uels (21145 bal) 34-cü, Lixtenşteyn (14451 bal) isə 45-ci pillədədir. Yığmamızın mövqeyi qarşıdakı seçmə tsikldə Uelslə səfərdə keçirəcəyi ilk görüşədək dəyişməyəcək.
0