Əli İsmayılov: “Braziliyalı boksçu məni birinci raundda “sındırmaq” istəyirdi”
23.05.2008 - 12:44
Əli İsmayılov: “Braziliyalı boksçu məni birinci raundda “sındırmaq” istəyirdi”
- Əli, deyəsən braziliyalı boksçu ilə döyüş çətin keçmədi...
- Mən belə deməzdim. Rəqibim Pedro Otas kifayət qədər güclü idi. Fiziki göstəricilərinə görə də məni üstələyirdi. Milliyətcə meksikalı olsa da, Braziliyanı təmsil edirdi. “Pələng” ləqəbli Otas yaşca məndən kiçikdir və keçirdiyi döyüşlərin əksəriyyətində nokautla qələbə qazanıb. Mənimlə döyüşə də çox fəal başladı. Öncə mənə 4-5 dəqiq zərbə endirdi. Özümü itirsəydim, döyüş elə birinci raundda başa çatacaqdı.
- Belə çıxır ki, rəqibin döyüş tərzini yaxşı öyrənməmişdiniz...
- Xeyr. Sadəcə, hər şey ani baş verdi. Amma tədricən Otasın zərbələrindən yayınmağı bacardım. Özümü toparladıqdan sonra əks-hücuma keçdim. Birinci raundun sonunda braziliyalının çənəsinə güclü zərbə endirdim. O, yerə yıxılsa da, tezliklə ayağa qalxdı. Yalnız vaxt çatışmadığından döyüşdə son nöqtəni qoya bilmədim.
- Qələbəni ikinci raundda rəsmiləşdirməyiniz rəqibinin toparlana bilməməsi ilə bağlı idi?
- Fikrimcə, Otas fasilədə özünə gəlmişdi. Çünki ikinci raunda da çox fəal başladı. Onun məqsədi məni nokauta salmaq idi. Amma rinqdə daha çox hərəkət etməklə buna imkan vermədim. Üstəlik, raundun ortasında çənəsinə növbəti güclü zərbə vurdum. Bu dəfə hakim 10-a qədər saysa da, rəqibim ayağa qalxa bilmədi və titulumu nokautla müdafiə etdim.
- Sözlərinizdən belə başa düşdük ki, döyüşə bir qədər ehtiyatlı çıxmışdınız...
- Etiraf edim ki, Otasdan çəkinirdim. O, məni birinci raunddaca psixoloji cəhətdən “sındırmaq” istəyirdi. Bu səbəbdən ehtiyatlı döyüşdüm. Məşqçim də mənə fasilədə risk etməməyi tapşırdı. Nəticədə əks-hücum taktikası ilə qələbə qazandım.
- İndiyədək peşəkar rinqdə 15 döyüş keçirmisiniz. Braziliyalının ən güclü rəqib olduğunu demək mümkündürmü?
- Bu, qeyd-şərtsiz belədir. Heç kim ikinci raundda nokautla qələbə qazanmağıma aldanmasın. Döyüşün nəticəsi fərqli də ola bilərdi. Rusiyalı promouterim Aleksandr Yaqupov da döyüşdən əvvəl mənə xəbərdarlıq etmişdi.
- Bu döyüşdən sonra promouterinlə gələcəklə bağlı hansı məsələləri müzakirə etdiniz?
- Planlar çoxdur. Hazırda reytinqdə 12-ci yeri tutsam da, bu qələbədən sonra bir neçə pillə irəliləyəcəyəm. Bu səbəbdən daha ciddi rəqiblərlə döyüşmək istəyirəm. Aleksandr Yaqupov WBA versiyası üzrə “Qızıl kəmər”in sahibi Firat Arslanla danışıqlara başlayacaq. Razılaşma əldə olunsa, sentyabr və ya oktyabrda növbəti titul uğrunda döyüşə çıxacağam. Firat milliyətcə türk olsa da, Almaniyanın şərəfini qoruyur. Onunla mümkün döyüşümüz də bu ölkədə keçiriləcək.
- Firat Arslan kifayət qədər güclü və təcrübəli boksçudur. Sizcə onunla qarşılaşmaq tez və riskli deyilmi?
- Xeyr. Axı, mən cavan deyiləm. 34 yaşım var, vaxt keçir. Hazırda özümü əla hiss edirəm. Fikrimcə, başqa versiyalar üzrə də çempion olmağın vaxtı çatıb.
- ABŞ-da döyüş keçirmək planlarınızda necə, dəyişiklik olmayıb?
- Hər şey Firat Arslanla döyüşdən asılıdır. Onunla qarşılaşmadan uğurla çıxsam, ABŞ-da İBF versiyası üzrə döyüş keçirəcəyəm. İnşallah hər şey planlaşdırdığım kimi alınar.
0