Bosniya və Herseqovina milli komandasının məşqçi korpusu parçalanıb
23.05.2008 - 13:37
Bosniya və Herseqovina milli komandasının məşqçi korpusu parçalanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də Azərbaycanla beynəlxalq yoldaşlıq görüşündə qarşılaşacaq Bosniya və Herseqovina milli komandasının məşqçi korpusunda parçalanma baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Meho Kodronun istefasından sonra yığmaya rəhbərlik edən Daniel Piriçin köməkçilərindən biri yığmamızla oyuna etirazını bildirib. Belə ki, Kemal Alispahiç D.Piriçə kömək etməyə razılaşmayıb: “Klubda çalışmaqla milli komandaya daha çox xeyir verirəmsə, niyə öz yolumdan dönməliyəm? Prinsip və ideyalarımın əksinə getmək fikrində deyiləm. Heç kimin tərəfini saxlamıram və seçim hüququma əsaslanaraq, yığma məşqçiliyindən imtina edirəm. Meho Kodro və Elvir Boliçlə bağlı vəziyyət heç də düzgün deyildi. Onların yerinə gələrək, Piriçin komandasında yer almaqla vicdan əzabı çəkmək istəmirəm”. Qarşıdakı oyunda D.Piriçə Zoran Bubalo, Slobodan Karalyiç və qapıçılar üzrə məşqçi Almir Hurtiç yardımçı olacaqlar.
Qeyd edək ki, K.Alispahiçdən öncə bosniyalı futbolçuların əksəriyyəti Azərbaycanla qarşılaşmaqdan imtina edib.
0