Georgi Nikolov: “Azərbaycana gələn əcnəbi hakimləri incidirlər”
23.05.2008 - 15:30
Georgi Nikolov: “Azərbaycana gələn əcnəbi hakimləri incidirlər”
Hazırda vətəni Bolqarıstanda olan G.Nikolov mayın 24-nü özü üçün əlamətdar gün hesab edib: “Həmin gün mənim üçün iki önəmli hadisə olacaq. Birincisi, oğlum orta məktəbi qurtarır. İkincisi, rəhbərlik etdiyim komanda ilk titulu uğrunda həlledici görüşə çıxacaq. “Xəzər-Lənkəran”la final oyunu əvvəl nəzərdə tutulduğu kimi, mayın 28-də keçirilsəydi, heç bir problem yaranmayacaqdı. Mən də bunu nəzərə alıb vətənimə ikitərəfli bilet sifariş etmişdim. Sonradan final görüşünün 4 gün əvvələ keçirməsi planlarımı pozdu”. G.Nikolov komandasını kuboku qazanmağa daha şanslı hesab edib: “Şanslar “İnter”in xeyrinədir. Bizim “Xəzər-Lənkəran”la müqayisədə, qalib gəlməyə daha çox əsasımız var. Bu, ilk növbədə heyət, futbolçuların ustalıq səviyyəsi, göstərilən oyunla bağlıdır. Fikrimcə, bu planda Lənkəran klubundan üstünük. Daha bir üstünlüyümüz psixoloji durumla bağlıdır. Biz ən azı gümüş mükafatçı olub, UEFA kubokuna vəsiqəyə yiyələnmişik. “Xəzər-Lənkəran”ın isə finalda uğurlu nəticə ilə mövsümü xilas etmək baxımından son şansdır. Bu, rəqibimizdə psixoloji gərginlik yaradır. Futbolçularımız isə meydana rahat çıxıb, öz işini görəcək. Onlar kuboku qazanmağın müqabilində mükafatdan da razı qalacaqlar. Sponsorlarımızın da komandanı mükafatlandıracağı gözlənilir”. Matça almaniyalı hakimlərin gətirilməsinin təşəbbüskar kimi çıxış edən “İnter”in prezidenti obyektivliyə inanır: “Azərbaycana gələn əcnəbi hakimləri incidirlər. Onları tərəfkeşlikdə ittiham etsələr də, əslində belə deyil. Onlar öz işlərini peşəkarcasına görürlər”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” – “İnter” görüşünü 35 yaşlı FİFA hakimi Manuel Qrafın başçılıq etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək.
0