Rasim Kara: “İnter”in qələbə şansı “Xəzər-Lənkəran”dan çoxdur”
23.05.2008 - 17:27
Rasim Kara: “İnter”in qələbə şansı “Xəzər-Lənkəran”dan çoxdur”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Həm “Xəzər-Lənkəran”, həm də “İnter” Azərbaycan kubokunun finalında oynamağa layiqdir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Rasim Kara deyib. Lənkəran klubundan üç il öncə istefaya göndərilən 58 yaşlı türkiyəli mütəxəssis son il yarımdır “Qarabağ”ı çalışdırır. R.Kara hazırkı komandasını kubokun ¼ finalında mübarizədən kənarlaşdırdığı “İnter”i favorit sayır: “Bu komanda daha yaxşı hazırlıqdır. “İnter” cari mövsümdə uğurla çıxış edir. Onun əsas üstünlüklərindən biri geniş heyətə malik olmasıdır. “Xəzər-Lənkəran”da isə zədəli futbolçuların çoxluğu problem yaradır. Düzdür, derbi matçlarında belə şeylər arxa plana keçir. Hər halda, “İnter”in kuboku qazanmaq şanslarını “Xəzər-Lənkəran”dan yüksək qiymətləndirirəm”. Türkiyəli məşqçinin sözlərinə görə, sabah keçmiş komandasına azarkeşlik etməyəcək: “Mənim üçün kuboku hansı komandanın qazanması fərq etmir. Kim güclüdürsə, o da qalib gəlsin. Kiməsə tərəfkeşlik etmirəm. Məni “Xəzər-Lənkəran”ı yox, hazırkı komandam maraqlandırır. Artıq mən “Qarabağ”lıyam”.
0