Emin Quliyev: “Xəzər-Lənkəran” həlledici oyunlarda həmişə öz sözünü deyib”
23.05.2008 - 17:54
Emin Quliyev: “Xəzər-Lənkəran” həlledici oyunlarda həmişə öz sözünü deyib”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Final oyununda zədə səbəbindən “Xəzər-Lənkəran”a kömək edə bilmədiyimə görə çox üzülürəm. Kuboku kapitan kimi qaldırmağı çox istəyərdim”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Emin Quliyev deyib. Onun sözlərinə görə, komandası ardıcıl ikinci Azərbaycan kubokunu qazanmağa layiqdir: “Rəqibimiz “İnter” güclü komanda olsa da, hər halda, biz də zəif deyilik. Ən əsası, sabah maraqlı bir oyunun şahidi olacağıq. Komanda yoldaşlarıma güvənirəm. Qalib gəlib, UEFA kubokuna vəsiqə qazanarıq”. Sonuncu dəfə iki ay öncə Litva yığması ilə Vilnüsdə keçirilən yoldaşlıq görüşündə milli komandamızın heyətində oynayan 31 yaşlı müdafiəçi ağır zədə ucbatından mövsümü vaxtından tez başa vurmalı olub: “Bu iki ayda kənarda qalmaq mənim üçün çox çətin olub. Hər halda, “Xəzər-Lənkəran” yoxluğumda da kuboku qazanmaq gücündədir. Komandamız titul qazanmağa artıq öyrəşib. “Xəzər-Lənkəran” müəyyən problemlərlə üzləşsə də, həlledici oyunlarda həmişə öz sözünü deyib. Bu mənada ardıcıl ikinci il kuboku qazanacağımıza inanıram”.
Qeyd edək ki, E.Quliyev bunadək “Xəzər-Lənkəran”la yanaşı, “Neftçi” və “Kəpəz”in heyətində Azərbaycan kubokuna sahib çıxıb.
0