Berti Foqts Emin Quliyevi yığma komandanın səfər oyunlarına aparmayacaq
23.05.2008 - 18:16
Berti Foqts Emin Quliyevi yığma komandanın səfər oyunlarına aparmayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyev qarşıdakı yoldaşlıq görüşlərində Azərbaycan milli komandasının heyətində səfərə çıxmayacaq. Bu haqda “APA-Sport” agentliyinə E.Quliyevin özü məlumat verib. Onun sözlərinə görə, yığma ilə birgə Bosniya və Herseqovina ilə Andorraya yollanması baş tutmayacaq: “Zədəli olsam da, yığma komandada səfərə çıxmağım nəzərdə tutulmuşdu. Milli komanda ilə birgə olub, zədəmi müalicə etdirməli idim. Ancaq yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsla söhbətdən sonra planlarda dəyişiklik oldu. Belə ki, almaniyalı həkim mayın 28-də Bakıya gələcəyindən, səfərə çıxmağıma ehtiyac duyulmadı. O, həmin vaxt burada məni müayinə edərək, lazımi göstərişlərini verəcək”. E.Quliyevi B.Foqtsun Azərbaycan yığmasında köməkçilərindən olan həmyerlisi, fizioterapevt Frenki Benner müayinə edəcək. Milli komandamızın martın 26-da Litva yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə zədələnən 31 yaşlı müdafiəçi gələn ay məşqlərə başlayacaq: “Yığmadan sonra zədəmi sağaltsam da, məşqə çıxıb yenidən xəsarət aldım. Belə olan halda, meydana dönüşüm daha da yubandı. Mövsümü erkən başa vursam da, iyundan tam gücümlə məşqlərə başlayacağam”.
0