Valentin Xodukin: “Məcburi əvəzetmələr planlarımızı pozdu”
25.05.2008 - 11:40
Valentin Xodukin: “Məcburi əvəzetmələr planlarımızı pozdu”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Hadisələrin bu cür cərəyan etməsi bizi çətin vəziyyətdə qoydu. Başına 6 tikiş qoyulan Valter Quqlemon, həmçinin Milan Zaqoratsın zədələnməsi məcburi əvəzləmələrə zərurət yaratdı ki, bu da planlarımızı pozdu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis Azərbaycan kubokunun final qarşılaşmasında görüşdükləri “Xəzər-Lənkəran”a qarşı gizli “silah”ından yararlana bilməyib: “Oyuna ciddi hazırlaşmışdıq. Əlavə vaxtın olacağını da nəzərə alıb, hər variantı hesablamışdım. Yalnız oyunçuların zədələnməsi istəyimi həyata keçirməyə imkan vermədi. Komandanın kapitanı Emin İmaməliyevi bilərəkdən ehtiyatda saxlamışdım. O, bu oyunun gedişində əl atacağım hesablanmış əvəzləmə olmalı idi. Emin meydana daxil olmaqla oyunumuzu xeyli gücləndirəcək, dönüş yaradacaqdı. Amma məcbur olub Zaqoratsı dəyişdim. Müdafiəçini final oyununda dəyişməyin nə mənası? Yalnız məcburiyyət buna təsir etdi. “Xəzər-Lənkəran”a hücumda uduzduq ki, onların ön xəttinin güclü olduğunu vurğulamışdım. Biz onlarla 25 dəqiqə hücumda mübarizə apara bildik. Sonra isə planlarımız pozulsa da, hər şey penaltilər seriyasına gedirdi. Lakin almaniyalı hakimin səhvi hər şeyi məhv etdi. Belə matçın sonunda bu cür “ölümcül” məsafələrdən cərimə zərbəsi vermək düzgün deyildi. Həm epizod bitmişdi, həm də yan xətt hakimi küncdən zərbəyə işarə edirdi. İkinci qolu mən heç saymıram da, ilk qol həlledici oldu”. Qeyd edək ki, V. Xodukin Azərbaycan kubokunun finalında məğlub olan üçüncü əcnəbi mütəxəssisdir. 39 yaşlı çalışdırıcıyadək İqor Nakoneçnı və Anatoli Konkov həlledici matçda komandalarının məğlubiyyətinə üzülüb.
0