[b]Əsgərovun "siyasət"i, Əsgərlinin "vüqar"ı[/b]
11.04.2018 - 12:45
[b]Əsgərovun "siyasət"i, Əsgərlinin "vüqar"ı[/b]

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları üçün 2017/18 mövsümü yekunlaşıb. Apasport.az saytının məlumatına görə, qızlardan ibarət komandalar elit-raundu fiasko ilə tamamlayıb.

 

Almaniyada keçirdiyi hər üç matçda uduzan U-17-nin ardından, U-19 da acınacaqlı nəticələrlə yadda qalıb. Hər iki komandanın heyəti milliləşən futbolçularla zəngin olsa da, yararsız əcnəbilər də yığmalarımıza fayda verə bilməyib.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu U-17 Almaniyaya 0:5, İrlandiyaya 0:1, İslandiyaya 1:3 hesabı ilə yenilmişdi. Vüqar Əsgərlinin yetirmələri isə daha üzücü duruma düşüb.

 

U-19 keçirdiyi hər 3 matçda darmadağın yaşayıb. Millimiz Fransaya 0:6, Belçikaya 1:5, Finlandiyaya 0:4 hesabı ilə məğlub olub. Göründüyü kimi, qızlardan ibarət iki komanda hərəyə 1 qol vursa da, hamısında uduzduğu 6 qarşılaşmada öz qapısından 24-nü buraxıb.

 

3 görüşdə 9 top buraxan U-17 özündən böyüklərə baxıb, təsəlli tapmalıdı. Çünki U-19 15 dəfə rəqib qoluna üzülüb.

 

Tarixə nəzər salsaq, hər iki yığmanın məğlubiyyətləri, hətta darmadağınları adi hala çevrilib. Uduzmağa öyrəncəli yığmalarımızın qrupdakı hər üç görüşdə darmadağın olması isə antirekordun təkrarıdı.

 

U-19 2012/13 mövsümündə Zamin Əsədullayevin baş məşqçiliyi dövründə belə antirakorda üzülmüşdü. Rusiyadan 5, İsveçdən 10, Sloveniyadan 6 cavabsız qol buraxan komandamız 5 il yarımdan sonra bir turnirdə üç darmadağın yaşadı.

 

Millilər kimi baş məşqçilər də artıq uğursuzluqlara adət edib. 2 tsikldi postunda qalan Vüqar Əsgərli U-19-da olduğu müddətdə 9 qarşılaşmada 6 dəfə məğlubiyyət acısı yaşayıb. Bunlardan da beşində 4 və ya daha çox top fərqi ilə darmadağın yaşanıb.

 

Siyasət Əsgərovun U-17-dəki “hakimiyyəti” isə 5 tsiklə çatıb. Bu müddətdə komandanı 18 görüşə çıxaran mütəxəssis 14 dəfə yenilgiylə üzləşib. O da həmkarı kimi böyükhesablı məğlubiyyətlərə öyrəşib. Çünki 5 ildə komanda 8 belə üzüntü yaşayıb.

 

0