[b]“Birinin sözü digərinin boğazından keçmir” – MÜSAHİBƏ[/b]
16.04.2018 - 10:42
[b]“Birinin sözü digərinin boğazından keçmir” – MÜSAHİBƏ[/b]

“İtaldizain Futsal”ın təcrübəli kapitanı Ramil Həsənzadə Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, qapıçı Yüksək Liqanın hesabat turunun “Neftçi” ilə oyunundakı 2:3 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb.


- Oyunun gedişi “İtaldizain Futsal”ın qələbə qazanacağını göstərirdi. Ancaq yekunda rəqibin qələbəsi qeydə alındı... 
- Hadisələrin axarından özümüz də qələbə qazanacağımıza əmin idik. Birinci hissədə yaxşı oynadıq. Qol epizodlarımız çox oldu. Uşaqlar istifadə edə bilmədilər, digər tərəfdən “Neftçi”nin qapıçısı Elnur Zamanov inamlı oyunu ilə komandasını qollardan xilas etdi. İkinci hissədə fərqli oyun alındı. “Neftçi” oyununu gücləndirdi, biz isə əksinə, sanki dayandıq, rahatlaşdıq.


- Rahatlaşmağa əsas var idi?
- Əsas yox idi. Hesabı açdıqdan sonra dayandıq. Nihadın, Rəcəbin, Elvinin oyunu alınmadı. Bu qarşılaşmada Ağatahir, Elşən, Faiq daha yaxşı oynadı. Bir də futbolda hər dəfə dominantlıq edən tərəf qalib gəlmir. Topa nəzarət bizdə, qol epizodları baxımından fəallıq bizdə, amma qolları buraxan da biz olduq. 


- Sanki komandada motivasiya, istək də yox idi...
- Bu haqda paltardəyişmə otağında da danışdıq. Sanki oyunçuların gözü “yanmırdı”, qələbə “qığılcımı” yox idi. Halbuki komandada istər maliyyə, istərsə də digər tərəfdən problem yoxdu. Maaşlarımızı vaxtında alırıq, məşqlərimizi edirik. Niyə belə alındı, bilmirəm. Bunun səbəbini tapmalı, üzərində işləməliyik. 


- Komandanızda yaşlı futzalçılar az deyil. Bəlkə onlar oynamaqdan yorulublar?
- Həftədə 1-2 oyun keçirməklə yorğunluq olmaz. Ümumi yorulmaqdan, doymaqdan danışırsınızsa, buna da inanmıram. Bir məqam məni narahat edir ki, meydanda oyunçular bir-biri ilə yol getmirlər. Birinin sözü digərinin boğazından keçmir. Kimsə kiminsə səhvini deyəndə, qəbul etmək istəmir, qıcıqlanır. 


- Bu nizam-intizamla bağlı ola bilərmi?
- Bizdə klubun daxili nizam-intizam kodeksi var. Ona əməl etməyən oyunçu kimliyindən asılı olmayaraq, maddi cəhətdən cəzalandırılır. Burda yersiz sarı vərəqə almaqdan tutmuş, ciddi səhvlərə qədər hamısı öz əksini tapıb.


- Yeri gəlmişkən, oyunun gedişi zamanı fair-play qaydasını pozdunuz. Bunu edərkən, komanda yoldaşınız topu rəqibin zədəli futzalçı olduğuna görə çıxardığını unutmuşdu?
- Oyunu başlayan zaman “Neftçi”nin kapitanı Rüfət Balakişiyev Faiq Əliyevə dedi ki, top sizdədi, başlayın. Bu komanda yoldaşımı yanıltdı. Faiq də Elşənə ötürmə etdi, o da toxunmaqla qol vurdu. Ancaq biz bu səhvi dərhal aradan qaldırdı. Təbii ki, hər birimiz fair-play qaydalarına əməl etməliyik. Şərait yaratdıq, rəqib topu meydanın mərkəzindən oyuna daxil edib, qapımıza qol vurdu. “Neftçi” meydanda rəqibimiz olsa da, orda çoxsaylı dostlarımız çıxış edir. Dostluq, hörmət heç vaxt itmir.


- Qış fasiləsində heyəti gücləndirəcəyiniz gözlənilsə də, ciddi addım atılmadı. Səbəbini izah edə bilərsən?
- Asif Zeynalovu heyətə cəlb etdik. O, cəzalı olduğuna görə, oyunu buraxdı. Planımızda yeni oyunçular da dəvət etmək var idi. Hətta legionerləri də komandamızda görməyi düşünürdük. Sadəcə, fikirləşdik ki, bu transferləri yayda edək, komandanı növbəti mövsüm üçün gücləndirək.


- Deməli, yeni mövsümdə fərqli “İtaldizain Futsal” görəcəyik?
- Fikrimiz belədi. Tam fərqli “İtaldizain Futsal” görəcəksiniz.


- İddianız dəyişəcəkmi?
- Artıq tələblər də dəyişəcək. Rəhbərliyin futzalçılardan tələbi fərqli olacaq. İddiamız böyüyəcək.


- Transfer üçün göz altıladığınız futzalçılar varmı?
- Xidmətində maraqlı olduğumuz oyunçular var. Bəziləri ilə aramızda danışıq olub. Ancaq indidən ad çəkmək istəmirəm. Transferlər reallaşdırqdan sonra açıqlayacağıq.

0