[b]Milli yalan, yaxud U-17 necə U-16 oldu?[/b]
16.04.2018 - 10:57
[b]Milli yalan, yaxud  U-17 necə U-16 oldu?[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada keçirilən UEFA İnkişaf turnirində sonuncu yeri tutub. Apasport.az saytının məlumatına görə, digər yığmalarımızın martda ənənə halına saldıqları məğlubiyyət seriyasını Ramin Quliyevin yetirmələri də davam etdiriblər.

 

Makedoniya (0:2), Xorvatiya (0:1), Bosniya və Herseqovina (2:3) ilə görüşlərin nəticələri sürpriz olmadı. Ancaq maraqlı məqam yığmamızın səfərə U-17 kimi gedib, U-16 kimi qayıtmasıdı.

 

Hələ aprelin 2-də AFFA rəsmi saytı vasitəsilə U-17-nin Bosniya və Herseqovinaya gedəcəyini, yuxarıda adları sadalanan komandalarla beynəlxalq turnirdə qarşılaşacağını vurğulamışdı. Makedoniya ilə ilk matçdan sonra da məğlubiyyət Ramin Quliyevin kollektivinin passivinə yazılmışdı. Lakin nə baş verdisə, növbəti iki qarşılaşmada meydana U-16 çıxası oldu. Hər halda, assosiasiyanın saytına inansaq, Xorvatiya, həmçinin Bosniya və Herseqovina ilə oyuna Azər Məmmədovun yetirmələri çıxıb.

 

Halbuki, Bosniya Futbol Federasiyasının rəsmi saytı oyunun protokolunda baş məşqçi kimi Ramin Quliyevi göstərib. Üstəlik, rəqib də bosniyalıların U-16 komandası olub. Fotosessiyada da Azər Məmmədovun yox, Ramin Quliyevin texniki zonada əyləşdiyi görünür.

 

Yeni yaradılmış U-16 yığmamız isə aprelin 22-28-i aralığında Antalya şəhərində beynəlxalq turnirdə iştirak etməli, Yunanıstan, Türkiyə və Gürcüstanla qarşılaşmalıdı.

 

Bosniyaya 17 yaşlıların gedib, orda 16-ya çevrilməsindən yalnız bir qənaətə gəlmək olar: Yığmamızın rəqibləri 16 yaşadək oyunçular olub. Görünür, ilk görüşdəki məğlubiyyətdən sonra da özlərindən kiçiklərə uduzmaq ləkəsindən qurtulmaq üçün bu yalana əl atıblar.

 

AFFA-nın saytında millimizin heyətinin 2002-ci il təvəllüdlü oyunçulardan təşkil edildiyi yazılıb. Bu təvəllüddən olanlar isə 17 yaşadək futbolçular sayılır və növbəti seçmə mərhələdə U-17-nin şərəfini qoruyacaqlar.

 

Milli komandaların mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu da turnirdə Ramin Quliyevin yetirmələrinin iştirak etdiyini söyləyib. O, sadəcə, AFFA-nın saytında yanlışlığa yol verildiyini bildirib: “Turnir U-16-lar, yəni 2002-ci il təvəllüdlü futbolçular arasında keçirilib. Ancaq bizdə 2002-ci illər artıq U-17-yə cəlb olunublar. Bu təvəllüddən olanlar hazırda UEFA-da U-16 sayılır. Çünki 2001-ci il təvəllüdlülərin hələ elit-raund mərhələsi keçiriləcək. Yalnız may ayından etibarən 2002-lər U-17 sayılacaqlar. Bizim yığmamız elit-raunda vəsiqə qazanmadığından, indidən növbəti seçmə mərhələyə hazırlıq üçün bu yaş qrupuna üstünlük verib. Baş məşqçi də Ramin Quliyev olub. AFFA-nın rəsmi saytında isə bölmə kimi əvvəl U-17, sonra U-16 göstərilib. Yəqin ki, texniki səhv olub, yanlış bölmə seçilib”.

 

P.S. Maraqlıdı, bir həftə sonra Antalyada başlayacaq turnirdə U-16 yığmamız sonradan U-15-ə çevrilə bilərmi?

 

0