[b]“Tək seçim haqqım olsa...” – Məhəmməd Salah[/b]
16.04.2018 - 17:18
[b]“Tək seçim haqqım olsa...” – Məhəmməd Salah[/b]

Həftə sonu Premyer Liqada “Bornmut”la oyunda fərqlənən Məhəmməd Salah mövsümdə vurduğu qolların sayını 40-a çatdırdı. Apasport.az saytının məlumatına görə, misirli futbolçu son olaraq “Daily Mail”ə müsahibə verib.

 

- Məhəmməd, 40 qola çatmaq sənin üçün nə anlama gəlir?

- Mənim üçün böyük mənalar ifadə edir. Ancaq ən nəhayətində hər oyun qol vurmaq, xallar qazandırmaq və komandama kömək etmək üçün çalışıram. Bu, bizim üçün ən önəmli məsələdi. Komanda halında bunun üçün oynayırıq. Odu ki, vurduğum hər qol mənim üçün – o cümlədən, istənilən biri üçün – komandaya yardım etmək anlamına gəlir.

 

- “Liverpul” forması ilə 40 qola bu qədər tez çatan başqa bir futbolçu yoxdu...

- Əlbəttə, əla hissdi.  Ancaq dediyim kimi, qol vurduğuma və komandama kömək etdiyimə görə məmnunam. Bu qədər.

 

- Bir mövsümdə ən çox qol – 47 – vuran İan Raşdı (1983-84). Geridə qalan müddət ərzində bu nəticəni xeyrinə dəyişə bilərsən?

- Fərq çox azdı – sadəcə, 7 qol. Gözləyək, görək nə olur. Geriyə neçə oyun qaldığını bilmirəm, ancaq ən azından Premyer Liqanın qalan matçları və Çempionlar Liqasının yarımfinal mərhələsi var.

 

- “Qızıl buts” qazanmaq haqqında nə düşünürsən?

- Əlbəttə, ağlımdadı, yalan danışa bilmərəm, ağlımdadı. Hamı topu mənə ötürür, yardımçı olmaq istəyirlər. Əminəm ki, eynisini “Tottehem” futbolçuları Keyn üçün, “Mançester Siti”dikilər isə Serxio Aquero üçün edirlər. Bu belədi, ancaq ən nəhayətində, biz komanda halında oynayırıq.

     

- Oyunçulardan daha çox pas vermələrini istəyirsən?

- Hə, onlar onsuz da mənə topu ötürürlər. Bu hissləri yaşamaq gözəldi. Səni dəstəkləmək, qol vurmağına yardımçı olmaq istədiklərini bilirsən. Bu, gözəldi.

 

- Keçən həftə Harri Keynin “Stok Siti” ilə oyundan sonra Eriksenin qolunun öz adına yazılması üçün etiraz etməsinin ardından, onun haqqında sosial şəbəkədə paylaşımın oldu. Qərar haqqında nə düşünürsən?

- (gülür). Bu barədə heç nə danışmaq istəmirəm. Sonda qol olduğuna qərar verdilər və mənim üçün məsələ bağlandı. Qarşıda bizim 4 oyunumuz var, “Tottenhem”in isə oynamalı olduğu 5-6 matç var. Ona görə də, öz oyunlarımız barədə düşünməliyəm.

 

- Heç kimin gözləmədiyi səviyyəyə çatmısan. “Liverpul” və klubun ətrafında olanlardımı səni belə yüksəldən? Özünü burada niyə belə rahat hiss edirsən?

- Eyni şeyi Firminoda da görə bilərsən. Çoxlu qollar vurur, bu mövsüm onun üçün də fərqlidi. Məncə, oyun tərzimiz çox qol vurmağımıza şərait yaradır. Oyun tərzimiz qapı önündə daha çox zaman keçirməyimizə səbəb olur. Başa düşdüyünüz kimi, önəmli olan oyunumuzdu. Bu, bizə yardımçı olur.

 

- Bir seçim haqqın olsaydı, hansını seçərdin: şəxsi titul qazanmaq, yoxsa Çempionlar Liqasının qalibi olmaq?

- Çempionlar Liqasının qalibi olmaq. Çempionlar Liqası və individual mükafatlardan söhbət gedirsə, təbii ki, Çempionlar Liqası – heç şübhəsiz. ÇL qazanmaq hamı üçün önəmli. Digər şeylər mənim üçün məna kəsb etmir.

0