[b]Şəhriyar Məmmədyarov: Heç vaxt gözləmədiyim dəstəyi hiss etdim[/b]
17.04.2018 - 10:10
[b]Şəhriyar Məmmədyarov: Heç vaxt gözləmədiyim dəstəyi hiss etdim[/b]

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib.

 

- Söhbətə Berlində keçirilən İddiaçılar Turnirindən başlayaq. Yaxşı başlanğıc olsa da, sonluq alınmadı...

- İddiaçılar Turnirində ilk dəfə favorit qismində göstərilirdim. Ən azı yarışın reytinq favoriti olduğumdan qalib gəlməyə namizədlərdən biri idim. Ona görə çoxları Berlində yarışı birinci pillədə başa vuracağımı gözləyirdi. Şahmat həvəskarları mənə inanırdı. Turnirin gedişi göstərdi ki, qalib gəlmək imkanlarımız var. Güclü heyət olduğundan proqnoz vermək çətin idi. Yarışdan əvvəl demişdim ki, favorit sonuncu ola bilər, ya da əksinə. Çünki hər tur önəmli idi.

 

Turnir mənim üçün yaxşı başladı. İlk turda Karyakinə qalib gəldim. Ardınca da yaxşı oyunlarımız oldu. Sadəcə, etiraf etmək lazımdı – Karuana inanılmaz qədər yaxşı mübarizə sərgilədi. Qara fiqurlarla qələbələri çox oldu. Belə yarışda məhz qaralarla üstünlük vacibdi. Yarışın qalibi olmaq üçün ən önəmli oyun Dinq Lirenə qarşı oldu. İnanılmaz risk etdim. Ardıcıl bir neçə tur qələbə qazanmadım. O anda başa düşürdüm ki, qələbə lazımdı. Lirenlə partiyada əsası olmadan riskə getdim. Heç-heçə də turnir cədvəlində lider olacaqdım. Sadəcə, qələbə qazanmaq istəyirdim. Çünki qələbəylə izləyicilərimi yarım xal qabaqlayacaqdım. Uduzmaq barədə düşünmədim və risk etdim. Bu oyun çox ağır zərbə oldu. Sonradan Qrişuka qalib gəlməklə vəziyyətim nisbətən düzəldi. Sadəcə, Dinqlə oyun karyeramda ən ağır məğlubiyyətlərdən biri kimi qaldı. Udsaydım, bəlkə də İddiaçılar Turnirində qələbə qazanacaqdım.

 

- Sənin üçün İddiaçılar Turnirində sürpriz nə oldu?

- Yaxşı və pis cəhətdən sürpriz oldu. Aronyanla So gözləniləndən aşağı oyun nümayiş etdirdi. Çox güclü şahmatçılardı. Sadəcə, Berlində özlərinə oxşamadılar. Son turlarda hər ikisinin həvəsdən düşdüyü hiss olunur. Karyakin də isə əksinə dönüş yaratdı. İki məğlubiyyətdən sonra Sergeyin şansının olmadığını düşünürdülər. Amma Karyakin ardıcıl 4 qələbədən sonra liderliyə yüksəlməyi bacardı. Sergey çox böyük xarakter göstərdi. Fikrimcə son illərin ən maraqlı İddiaçılar Turniri oldu. Son tur ərəfəsində 4 şahmatçı qələbə şansını saxlayırdı.

 

- Ermənistan şahmatçısı Levon Aronyan çox zəif təsir bağışladı. Karuanayla hər iki görüşdə də məğlubiyyət acısı yaşadı...

- Karuana Aronyanla hər iki oyunda qələbə qazandı. Mən və Karyakin iki görüşü heç-heçə başa vurduq. Yəni, Fabiano 2 xal, biz isə 1 xal qazandıq. Karuana üçün böyük üstünlük idi. Belə turnirlərdə bir rəqibdən 2 xal qazanmaq böyük şans yaradır. İkinci dövrədə Karuanayla partiyada Aronyanın yaxşı gedişləri var idi. Hətta Karuananın heç-heçə şansları qalmırdı. Müdafiə olunmaq çətin görünürdü. Amma Aronyan bu gedişi görmədi və uduzdu. Kramniklə oyunda da çox zəif təsir bağışladı. Çox güclü şahmatçıdı, ona belə oyunlarda uduzmağı zəif formada olduğunu göstərir. Mənim oyunum onunla alınmadı.   

 

- İddiaçılar Turnirində qələbə qazanmaq üçün Şəhriyara nə çatmadı. Bəlkə bəxtin gətirmədi...

- Əgər belə mötəbər yarışda çempionluğun taleyi bir oyundan asılıdırsa, deməli turnir alınıb. Dinqə qalib gəlsəydim daha yaxşı olacaqdı. Sona qədər mübarizə apardım, İddiaçılar Turnirində reytinqimi artırdım.  Amma bəxt sözü ilə razı deyiləm. Bu gün Karuananın birinci pilləyə layiq olmasını qeyd etməliyik. Çox yaxşı formada idi. Karyakinə uduzsa da, oyununu itirmədi. Aronyanla Qrişuka qalib gəldi. Maraqlıdı ki, yanvarda Veyk-An-Zee superturnirində iştirak etmişik. Karuana orada pis oynadı. Bəziləri belə zəif çıxışının davam edəcəyini söyləyirdi. Görünür Veyk-An-Zee də artıq İddiaçılar Turnirini düşünürdü. Əsl gücünü Berlində göstərdi.

 

- Hazırlıqdan razı qaldınmı?

- İddiaçılar Turnirinə iştirakımız çox gec təsdiqlənir. Noyabrın sonuna yaxın bu yarışda olacağımız məlum olundu. Cəmi 3 ay vaxtımız oldu. Amma il ərzində turnirlərə razılıq veririk, bu amil hazırlığa təsirsiz ötüşmür. Berlindən əvvəl Moskvada Rusiyanın gənc şahmat ulduzlarına qarşı çıxış etdim. Çində yarışda iştirak etdim. Səudiyyə Ərəbistanında bir yarış oldu, ardınca Hollandiyada Veyk-An-Zee superturnirində, Almaniyada Bundesliqada mübarizə apardım. Moskvada Mixail Talın Memorialında, “Aeroflot” turnirinə qatıldım. Çox yarışda iştiraka razılıq vermişdim. Bu yarışlar 2 ay vaxtımı aldı. İddiaçılar Turnirinə cəmi 20 gün hazırlaşa bildim. Çox az vaxt oldu. Bu müddətdə Qaxda təlim-məşq toplanışı keçdim. Təlim-məşq olmayan günlərdə də köməkçilərim tapşırıqlar üzərində çalışırdılar. Gələcəkdə iştirakçılar daha tez təsdiqlənsə çox yaxşı olar. 

 

- Artıq 33 yaşın var. Bu amil növbəti mövsümdə İddiaçılar Turnirinə vəsiqə qazanmağa mane olmayacaq. Yəni həvəsdən düşmürsən?

- Şahmatda yaş fərqlidi. Futbolda 33 yaşında mundialda oynayanda, deməli sənin son dünya çempionatındı. 37 yaşında futbol oynamaq çətindi. Şahmatda 33 yaş yaxşı dövr sayılır. Vişvanatan Anand, Boris Gelfand kimi şahmatçılar sualınıza cavab ola bilər. Anand 40 yaşında gözəl oyun sərgiləyirdi. Dünya çempionu olanda belə yaşı az deyildi. Özümə gəldikdə bilirsiniz ki, şahmata gec başlamışam. Turnirlərdə gec oynamağa başlamışam. Özümü şahmatda çox gənc hesab edirəm. Növbəti 2 il ərzində çox şey dəyişə bilər. İddiaçılar Turnirinə vəsiqə qazanmaq son zamanlar çox çətinləşib. Məşqləri davam etdirəcəm. Bir ildən sonra hansı formada olduğum görünəcək. Özümdə enerji və güc hiss edirəm. Tam hazır olduğumu düşünmürəm. Yüz faiz hazır olsaydım Berlində qalib gələrdim. Amma məqsədim dəyişmir. Çalışacam yaxın illərdə İddiaçılar Turnirinə vəsiqə qazanım və bu turniri çempion kimi başa vurum. 

 

- Reytinq şahmatçı üçün nə dərəcədə önəmlidi?

- Əmsal çox vacibdi. Yüksək reytinqin olmayaqsa güclü turnirlərə dəvət almayacaqsan. Dünyanın ikincisi olduğum üçün özümü xoşbəxt hesab edirəm. Amma irəlidə Maqnus var. Karlsen çox güclüdü. Hamıya başağrısı olur. Klassik, rapid və blitsdə dünya çempionudu. Səviyyəli və güclü rəqibdi. Ona qalib gəlmək çox çətindi. FİDE reytinqində ikinci olduğum üçün ancaq birinci pilləyə yüksəlməyi əsas hədəflərimdən biri hesab edirəm.

 

- Artıq təmkinli oynayırsan. Risk etmirsən. Dəyişikliyin səbəbi var?

- Son turnirlərdə hamı deyir ki, qayıt köhnə oyun üslubuna. İddiaçılar Turnirində də dedilər. Şahmatçılar həmin Şəhriyar üçün çox darıxıb. Deyirlər aqressivlik çatmır. Lakin fərqli mənzərə görünür. Dinqlə risk etdim, nəticə hamıya məlumdu. Nəticə qazanmaq üçün risk də vacibdi. Amma lazım olan oyunda. Aqressivliklə dünya reytinqində “beşliy”ə yüksəlmək mümkün deyil. Daxilimdə həmin Şəhriyar yaşamaqdadı. Yəqin nə vaxtsa risk edən Şəhriyar qayıdacaq. Çoxu düşünür ki, işlədiyim məşqçilərə oxşamağa başlamışam. Bir müddət Dreyevlə və Xalifmanla çalışmışam, onları nəzərdə tuturlar.

 

- Berlində olduğun vaxt Azərbaycandan dəstəyi hiss edirdin?

-  Turnir vaxtı telefondan az istifadə elədim. İstirahət günlərində sosial şəbəkələrə 2-3 dəqiqə vaxt ayırmışdım. Çoxlu paylaşımlar gördüm. Fikrimcə Azərbaycan şahmatına heç vaxt belə dəstək olmayıb. Məncə hamı inanırdı ki, İddiaçılar Turnirində qələbə çox yaxındı. Heç vaxt görmədiyim dəstəyi hiss etdim.

 

- Şəmkirdə Vüqar Həşimov Memorialının ikiqat qalibisən. Bu dəfə ilk iki yarışın çempionu Maqnus Karlsen də iştirak edəcək. Superturnirdə yenidən qələbə qazanmaq şanslarını necə qiymətləndirirsən?

- Çox maraqlı heyət formalaşıb. 2018-ci ildə iki dəfə məğlub olmuşam. Biri Aniş Giriyə, digəri Dinq Lirenə.Hər ikisi Şəmkirdə yüksək yerlər uğrunda mübarizə aparacaq. Maqnusun təqdimata ehtiyaca yoxdu. Veselin Topalov,  Sergey Karyakin dünyanın güclü şahmatçıları sırasındadı. David Navara aqressiv oyun üslubuna məxsusdu, istənilən rəqibi dayandıra bilər. Çox istəyirəm 5-ci turnirdə də qələbə qazanım. Çünki Karlsenin iştirak etdiyi yarışda birinci olmaq başqadı.

 

Təşkilatçılara təşəkkür edirəm. Ancaq seçilən şahmatçıları dəvət ediblər. Çox istərdim Vüqar Həşimovun adına turnir ənənəvi olaraq hər il keçirilsin.

 

-  Dinq Lirendən Berlindəki məğlubiyyət üçün revanş istəyirsən...

-  Dünya şahmatında iki həmkarım üzərində qələbəm yoxdu. Dinq Liren və Vişvanatan Anand. Dinqlə oyunlarımız az olub. İlk dəfə Berlində məni məğlub etdi. Amma mən heç  vaxt ona qalib gəlməmişəm. Klassik şahmatda onlarla bacarmamışam. Revanş dedikdə Şəmkirdə qarşılaşacağıq. Nəticəni zaman göstərəcək. Revanş yox qələbə istəyirəm. 

 

 

0